Təbriz Musayev: “Ermənistan müxalifətinin prosesi tormozlayacağı real görünmür”
Ermənistanın 5 müxalif siyasi birliyi – “Güclü Ermənistan”, “Ermənistan”, “Çiçəklənən Ermənistan”, “Erməni Milli Konqresi” və “Milli-demokratik qütb” birləşərək, hakimiyyətə qarşı mübarizənin yeni mərhələsinə başladıqlarını elan ediblər. Onların bəyan etdikləri məqsədlərdən biri belədir: “Ermənistan Konstitusiyasının dəyişdirilməsinə imkan verməmək”.
O da məlumdur ki, bunsuz Azərbaycanla sülh mümkün olmayacaq.
Belə görünür ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan verməmək üçün Rusiya imkanlarını səfərbər edir. Maraqlıdır, alınacaqmı? Prosesi tormozlaya biləcəklərmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Ermənistan müxalifətinin prosesi tormozlayacağı real görünmür: “Ən azından ona görə ki, müxalifət seçkilərdə məğlub olub. Erməni seçicilərinin 50 faizi Paşinyana səs verib. Bu, o deməkdir ki, erməni cəmiyyətinin əsas hissəsi sabitlik, iqtisadi inkişaf istəyir. Bu da hazırda yalnız mövcud hakimiyyətlə mümkündür. Seçicilərin bir qisminin revanşist müxalifətə səs verməsi Rusiyanın apardığı piar kampaniyası, seçicilərin bir hissəsinin pulla ələ almaları hesabına mümkün oldu. Əminəm ki, sözügedən vasitələr, saxtakarlıqlar olmasaydı müxalifət təmsilçiləri bundan da az səs toplayardılar. Beş müxalifət partiyasının konstitusiya islahatlarına qarşı birləşməsi bilavasitə Moskvadan gələn təlimatla əlaqədardır. Çünki Moskvaya Cənubi Qafqazda sabitlik yox, konfrontasiya lazımdır. Ancaq məsələ ondadır ki, hazırkı geosiyasi vəziyyət bunun üçün əlverişli deyil. Başlıcası ona görə ki, Rusiya Ukraynada apardığı işğalçı müharibədə hər keçən gün daha çox itki verir, resurs itirir. Rusiya həm də əvvəlki illərlə müqayisədə daha çox təcrid vəziyyətindədir. Üstəlik, son aylar ərzində Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına endirdiyi uğurlu zərbələr hər keçən gün bu ölkədə vəziyyəti daha da dramatikləşdirir. Digər tərəfdən Birləşmiş Ştatların TRIP layihəsi ilə bağlı moderator rolunda çıxış etməsi Rusiyanın təsir imkanlarını məhdudlaşdırır. Ona görə də belə vəziyyətdə düşünmürəm ki, Rusiya revanşist müxalifət vasitəsi ilə Ermənistanda proseslərə təsir edə bilsin”.
Vidadi ORDAHALLI