ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama 4 iyulda qeyd olunan Müstəqilliyin 250 illiyi ilə bağlı millətə müraciət ediblər. ABC News xəbər verir ki, çıxışlarında onlar ölkənin tarixi və dəyərlərindən narahatlıq ifadə edərək, dolayı yolla ABŞ prezidenti Donald Trampın rəhbərliyindəki mövcud siyasi vəziyyətə toxunublar.
Şənbə günü yayımlanan açıqlamada Demokrat Bill Klinton qeyd edib ki, ölkə ildönümünü "dərin bölünmələrin, Amerikanın gələcəyi və dünyadakı rolu ilə bağlı yeni sualların, təsisatlara və demokratiyaya ciddi təhdidlərin başqa bir dövrü" fonunda qeyd edir. O, həmçinin, birbaşa ad çəkmədən, "hakimiyyətin immiqrasiya siyasəti və İranla münaqişəyə toxunaraq, mövcud administrasiyanı tənqid edib. Klinton vurğulayıb ki, Amerika tarixinin əsas dərslərindən biri "daha mükəmməl bir birlik" yaratmaq istəyi olaraq qalır.
Barak Obama da Amerika demokratiyasının yarımçıq təbiəti mövzusunu genişləndirərək, ABŞ-ı "daim formalaşmaqda olan bir ölkə" adlandırıb. Prezidentlik mərkəzindən göndərdiyi videomüraciətdə o, vətəndaşların bərabər ləyaqəti, qanunun aliliyi, yoxlama və tarazlıq, məhkəmə müstəqilliyi və hakimiyyətin dinc yolla ötürülməsi kimi fundamental demokratik prinsipləri vurğulayıb.
Corc Buş öz çıxışında vətəndaş məsuliyyətini vurğulayaraq, növbəti 250 ilin amerikalılardan "tamaşaçı yox, vətəndaş" olmasını tələb edəcəyini bildirib.
NBC-yə verdiyi müsahibədə o əlavə edib ki, demokratiya "özünü düzəldən bir sistemdir", çünki vətəndaşlar ölkənin istiqamətindən narazı olduqları təqdirdə öz fikirlərini seçkilər vasitəsilə ifadə edə bilərlər.
SAMİRƏ