Əli Mustafa: “Bu açıqlama Ermənistanın Avropaya doğru getməsində nə qədər qərarlı olduğunu ortaya qoyur”
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Avropa kursundan imtina etməyəcəyini bildirib. O, bu barədə İrəvanda danışıqlardan sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.
“Mən aydın və qəti cavab verəcəyəm: 2013-cü ildə Ermənistanın bir gecədə fikrini dəyişdiyi, Aİ ilə assosiasiya sazişinin imzalanması prosesindən imtina etdiyi və Avrasiya İqtisadi Birliyinə və ya Gömrük İttifaqına doğru irəliləmək qərarına gəldiyi vəziyyəti istisna edirəm. Cavabım qısa və aydındır: bəli, mən bunu istisna edirəm. Bu, mümkün deyil”, - Paşinyan qeyd edib.
Məlumat üçün qeyd edək ki, 3 sentyabr 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistan prezidenti Serj Sarkisyan İrəvanın Gömrük İttifaqına qoşulmaq və sonradan Avrasiya İqtisadi İttifaqının yaradılmasında iştirak etmək niyyətini açıqlayıb. Özü də bu, Ermənistanın Aİ ilə assosiativ saziş üzrə fəal danışıqlar apardığı bir vaxtda baş verib.
Bir sözlə, Paşinyan bununla açıq Rusiyaya mesaj verir ki, Ermənistan Avropa kursundan geri addım atmayacaq.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Paşinyanın bu açıqlaması Ermənistanın Avropaya doğru getməsində nə qədər qərarlı olduğunu ortaya qoyur: “Əslində Paşinyanın son vaxtlar apardığı siyasətə baxsaq onsuz da bu, görsənirdi. Düzdür, Paşinyan hələlik Rusiya ilə də bütün körpüləri yandırmaq istəmir. Bir formada münasibətləri saxlamağa çalışır. Bununla paralel olaraq Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirir. Avroatlantika istiqamətində ölkəni irəli aparır. Prinsipcə, burada təəccüblü bir şey yoxdur. Ona görə ki, mövcud hakimiyyətin kursu Avropa istiqamətindədir. Aİ ilə Ermənistanın münasibətləri xeyli aktivləşib. Qurum Ermənistana dəstəyini yalnız bəyanatlarla deyil, həm də real praktik əməlləri ilə ortaya qoyur. Bu da əlbəttə ki, Paşinyanın ruhlandırır, həvəsləndirir. Həm də nəzərə almaq lazımdır ki, region dövlətləri – Azərbaycan və Türkiyə Ermənistanın Rusiya tərəfindən sıxışdırılmasına o qədər də imkan vermirlər. Bütün bunlar bu və ya digər şəkildə Ermənistanın Rusiyanın təzyiqlərinə duruş gətirməyə yardım edir. O baxımdan hesab edirəm ki, Paşinyan Ermənistanın Avropa kursundan imtina etməyəcəyini deməklə bu mövqedə qərarlı və səmimidir. 2013-cü ildə Sarkisyan ona görə geri addım atdı ki, daha çox Rusiyaya bağlı idi. Bilavasitə Rusiyanın dəstəyi ilə “Qarabağ klanı” o zaman Ermənistanda hakimiyyətə gəldi. Ancaq bu dəfə situasiya fərqlidir. Ən azından ona görə ki, Paşinyan rəngli inqilab dalğasında hakimiyyətə gəlib. Arxasında Qərbə bağlı dairələr dayanır”.
Vidadi ORDAHALLI