Afsəddin Nəbiyev: “Həqiqətən də Avroittifaq bütün region ölkələrinə bərabər münasibət bəsləsə, bunun ciddi nəticəsi olacaq”
Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Bizim “Qlobal Şəbəkə” İnvestisiya Proqramımız var və bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlət və özəl sektordan, ümumilikdə, 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər“, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Aİ-nin “Qlobal Şəbəkə” investisiya proqramı çərçivəsində regionda nəqliyyat, enerji və rəqəmsal sahələrə 200 milyon avroya qədər qrant ayıracağını elan etməsi xəbəri Cənubi Qafqaz ölkələrinin gələcək iqtisadi inkişafı baxımından çox faydalı ola bilər: “Əgər həqiqətən də Avroittifaq bütün region ölkələrinə bərabər münasibət bəsləsə, bunun ciddi nəticəsi olacaq. Təkcə vəd vermək yetərli deyil. Praktiki addımlar özünü göstərməlidir. Ayrılan 200 milyon avronu ilkin maliyyə yardımı olmaqla yanaşı dövlət və özəl sektor investisiyalarını hərəkətə gətirəcək bir katalizator təkanverici qüvvə ola bilər. Aİ-nin bu zəmanəti və qrant dəstəyi beynəlxalq maliyyə institutlarının və böyük xarici şirkətlərin Cənubi Qafqazdakı, xüsusilə də Azərbaycandakı layihələrə ümumilikdə 2 milyard avroyadək investisiya qoymasına münbit və təhlükəsiz şərait yarada bilər. Təki Aİ bunda qərarlı olsun. Açıqlamada Bakı Limanının inkişaf etdirilməsinin xüsusi qeyd olunması Aİ-nin Çindən Avropaya uzanan ticarət yollarında reallığı qəbul etdiyini göstərir. Bu maliyyələşmə portun infrastrukturunun genişləndirilməsinə, rəqəmsallaşdırılmasına və yükdaşıma potensialının kəskin şəkildə artırılmasına xidmət edəcək. Nəticədə Bakı Limanı transregional logistika qovşağı hab olaraq mövqeyini daha da möhkəmləndirəcək”.
A.Nəbiyev hesab edir ki, Bəyanatın ən kritik məqamlarından biri layihələrə Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılmasının daxil edilməsidir: “Bu addım, Aİ-nin regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bərabər həm də birbaşa maliyyə dəstəyi verməyə hazır olduğunun rəsmi nümayişidir. Bu bağlantının reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Türkiyə üzərindən Avropaya yeni, kəsintisi olmayan alternativ cənub marşrutu qazandırır. Ümumulikdə, Aİ-nin hədəflədiyi paket birtərəfli deyil. Nəqliyyat sahəsi ilə yanaşı, enerji əlaqələrini də özündə ehtiva edir. Azərbaycanın bərpa olunan "yaşıl enerji" layihələrinin və regional elektrik xətlərinin Avropaya inteqrasiyasını sürətləndirir. Xəzər və Qara dəniz dibi ilə çəkilən data xətləri kimi infrastruktur layihələrinə birbaşa dəstək təmin edir. Bu bəyanat Aİ və Cənubi Qafqaz, xüsusən də Azərbaycan arasındakı münasibətləri şifahi bəyanatlardan praktiki və milyardlıq iqtisadi öhdəliklər müstəvisinə daşıya bilər. Avropa özünün təhlükəsizliyi, enerjisi və ticarət davamlılığı üçün regionun infrastruktur keyfiyyətinin artırılmasında birbaşa maraqlı tərəf kimi çıxış edir. Bu isə yaxın gələcəkdə regionda irimiqyaslı tikinti-quruculuq işlərinin sürətlənməsinə və Azərbaycanın coğrafi üstünlüyünün böyük iqtisadi dividendlərə çevrilməsinə yol açacaq. Yetər ki, bəzi Avropa dövlətlərinin Azərbaycana olan baxışlarında ədalət prinsiplərini qorusun. Yalnız o halda bu, hər tərəf üçün çox faydalı ola bilər”.
Vidadi ORDAHALLI