Rusiyadakı yanacaq böhranı bəzi qonşu ölkələrə də təsir edir. Qırğızıstan artıq enerji təchizatını şaxələndirmək üçün addımlar atmağa başlayıb. Yanacağa olan ehtiyacının böyük bis hissəsini Rusiyadan alan ölkə alternativ təchizatçılar axtarmağa başlayıb.
Ölkənin hazırda yanacaq ehtiyatı olsa da, Rusiyada təchizat çatışmazlığı səbəbindən tədbirlərin görülməsi artıq zərurətə çevrilib. Qırğızıstanın enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün Qazaxıstan, Belarus, Azərbaycan, Özbəkistan və Türkmənistandan rəsmi olaraq kömək istədiyi bildirilir. Ölkə yanacağa olan ehtiyacının təxminən 90-95%-ni Rusiyadan alır.
Qırğızıstanın bu addımı Rusiyadakı yanacaq böhranı ilə bağlıdır. Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları Rusiyada benzin və dizel çatışmazlığına səbəb olub. Bu vəziyyət təbii olaraq birbaşa Qırğızıstan kimi Rusiyadan asılı ölkələrə də təsir edib.
Qırğızıstanda yanacağın qiyməti bu ilin əvvəlindən bəri 7-10% artıb. Qiymətləri nəzarətdə saxlamaq üçün hökumət benzin və dizel yanacağına dövlət tənzimləməsi tətbiq edib. Müvafiq olaraq, AI-92 benzininin bir tonunun qiyməti 860 dollar, AI-95 benzininin qiyməti 940 dollar və dizel yanacağının qiyməti 950 dollar olaraq müəyyən edilib.
Qırğızıstanın təchizat zəncirini şaxələndirmək səyləri Rusiyanın enerji ixracatının zəifliyini və region ölkələri üzərində təsirini bir daha ortaya qoyur. Ekspertlər hesab edir ki, Moskvanın daxili bazardakı problemləri həll etməsi həm öz vətəndaşları, həm də enerjidən asılı qonşuları üçün çox vacibdir.
Tahir TAĞIYEV