Məhərrəm Zülfüqarlı: “Azərbaycan olmasaydı nə sülh sazişi olardı, nə də bu cür etiraflar olardı”
“İlk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesidir. Bu gün tarixi sülh sazişini parafladığınıza görə Sizi təbrik etmək istərdim”. Bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”, - deyə o qeyd edib.
Bütün bunlar həm də Avroittifaqın timsalında böyük etirafdır ki, Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gətirildi, bərqərar oldu.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, sözügedən məsələ çox aktualdır: “Yəni üç böyük dövlət – Rusiya, Fransa və ABŞ-ın daxil olduğu ATƏT-in Minsk qrupu 30 ildən artıq problemi ancaq dondurmaqla məşğul oldular. Minsk qrupu çərçivəsində gəlib-gedən nümayəndə heyəti də sanki turist səfərlərində olurdular. Bu da problemin həll olunmaması ilə nəticələndi. Hər dəfə bizə deyirdilər ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Beləcə prosesi uzadırdılar və ərazilərimizin işğaldan azad edilməsi yubanırdı. Necə deyərlər, məsələni donduraraq problemin həllinə mane olurdular. Məhz Azərbaycan tərəfinin, ordumuzun və Ali Baş Komandanın qətiyyəti nəticəsində ərazilərimiz işğaldan azad edildi. Öz gücümüzlə torpaqlar azad ediləndən sonra artıq Birləşmiş Ştatların, Avropanın bu məsələyə münasibəti dəyişdi. Görün hardan hara gəldik. Keçmiş Minsk qrupunun üzvü ABŞ sülh sazişinin paraflanması məsələsini ortaya qoyur. Zəngəzur dəhlizini TRIPP yolu adlandırır. Bütün bunlar məhz Azərbaycanın qətiyyəti nəticəsində baş verib. Bunu da Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında etiraf etdi. Bu da Azərbaycanın bilavasitə qələbəsidir. Çünki Azərbaycan olmasaydı nə sülh sazişi olardı, nə də bu cür etiraflar olardı. O üzdən biz fəxr edirik ki, Avropa nümayəndələri bura gəlib artıq Azərbaycanın gücünü etiraf edirlər. Bununla dünyada baş verən siyasətin reallığını etiraf edirlər. Bu, böyük qələbədir və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun qələbədən sonra həddən artıq artdığının, imicinin dəyişdiyinin göstəricisidir”.
Vidadi ORDAHALLI