Vahid Ömərov: “Erməni əsilli gürcü elitasının nümayəndələri İrəvana gedərkən bu addımı atırlar”
Tarixdə ermənilərə qarşı heç bir soyqırım hadisəsinin baş vermədiyini bütün dünya bilsə də, nədənsə gerçəkliyə göz yumub uydurmaların ardınca gedənlər var. Çox təəssüflər olsun ki, yalnız xaricdən gələn rəsmilər deyil, Cənubi Qafqaz ölkələrindən olan Gürcüstanın da məmurları qondarma erməni soyqırımı yalanına uyublar. Söhbət ondan gedir ki, Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyanın müşayiəti ilə Tsitsernakaberd Memorial Kompleksini ziyarət edərək qondarma “Erməni Soyqırımı qurbanlarının” “xatirəsini” yad edib. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Armenpress-ə verilən məlumata görə, Sulxan Tamazaşvili “Erməni Soyqırımı qurbanlarının” “xatirəsini” yad edib, əbədi məşəlin önünə əklil və gül dəstəsi qoyub. Hətta baş əyib.
Gürcüstan dövləti, onu idarə edən məmurlar belə bir hadisənin olmadığını, bunun uydurma olduğunu çox yaxşı bilirlər, bildikləri halda da gedib qondarma abidə qarşısında baş əyirlər.
Bir halda ki, Gürcüstan Avropa ilə münasibətləri Türkiyənin hesabına saxlayır. Azərbaycanın üzərindən müəyyən layihələrdən qazanc əldə edir, iqtisadiyyatını gücləndirir. Amma Gürcüstanın dövlət məmuru, güc strukturunun rəhbəri gedib Ermənistanda qondarma genosid abidəsinə "sədaqətini", "sevgisini" göstərir. Bunun kökündə nə dayanır? Qondarma erməni soyqırımına Gürcüstanın bu münasibəti nə ilə bağlıdır?
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsində aparıcı elmi işçi baki-xeber.com-a bildirdi ki, Gürcüsan nə dövlət, nə da parlament səviyyəsində qondarma erməni soyqırımını rəsmi olaraq tanıyır. “Rəsmi Tbilisi rəsmi İrəvanla strateji tərəfdaşlıq münasibətləri qurub. Ancaq bəzən təəssüflər olsun ki, rəsmi şəxslər İrəvana səfər edərkən qondarma abidəni ziyarət edirlər. Yenə də deyirəm, bu qondarma soyqırım Gürcüstan parlamentində tanınmayıb. Amma bəzi gürcü məmurların qondarma abidəni ziyarət etməsinin kökü var. Birincisi, burada xristianlıq amili, xristian təəssübkeşliyi əsas rol oynayır. İkincisi də erməni əsilli gürcü elitasının nümayəndələri İrəvana gedərkən bu addımı atırlar. Gürcüstanda rəsmi şəxslərin bəziləri erməni əsillidirlər. Onlar o qondarma abidəni ziyarət edirlər”-deyə V.Ömərov bildirdi.
İradə SARIYEVA