Məhəmməd Əsədullazadə: “Bütövlükdə, Gürcüstanın bu yöndə fəaliyyəti müsbətdir”
Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərilən səylər böyük ümidlər vəd edir. Bu, bizim daha geniş regionumuz üçün daha böyük sabitlik və əməkdaşlıq perspektivləri yaradır. Bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar iclasında çıxışı zamanı Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, bu gün region ticarət, nəqliyyat, energetika və rəqəmsal bağlılıq mərkəzi kimi öz rolunu gücləndirmək üçün çox böyük potensiala malikdir: “Əməkdaşlığı daha da möhkəmləndirmək üçün biz hazırkı dövrü təkcə mövcud çağırışlar deyil, həm də yeni imkanlar pəncərəsi baxımından dəyərləndirməliyik”.
Ümumilikdə, Gürcüstan dövləti Azərbaycanla Ermənistanın, Ermənistanla Türkiyənin sülh prosesində nə qədər səmimi və təşəbbüskar rol oynadı?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bütövlükdə Gürcüstanın bu yöndə fəaliyyəti müsbətdir: “Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra Azərbaycanla Ermənistan arasında bəzi təmaslarda Gürcüstan iştirak edib. Məsələn, 2021-ci ilin iyununda Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə mühüm humanitar və siyasi razılaşma əldə olunub. Bu proses çərçivəsində Azərbaycan Ermənistana 15 erməni hərbçisini təhvil verib. Qarşılığında isə işğaldan azad edilmiş ərazilərdəki mina xəritəsi alınıb. İki ölkənin QHT təmsilçiləri həm müharibədən əvvəl, həm də sonra dəfələrlə Gürcüstanda bir araya gəliblər. Bundan başqa, Gürcüstan Azərbaycan üzərindən Ermənistana gedən qatarlara şərait yaradır. İlkin dövrdə Ermənistana gedən qatarlar rüsumdan azad edilib. O cümlədən, rəsmi Tbilisi dəfələrlə bəyan edib ki, Gürcüstan Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etməyə, iki ölkə arasında sülh sazişinin imzalanmasında platforma olmağa hazırdır. Digər tərəfdən bu günlərdə Tbilisi Ermənistanın Axalkalaki-Qars dəmir yolunun imkanlarından istifadə edilməsinə razılıq verdi. Hesab edirəm ki, bütün bunları ümumilikdə Gürcüstanın sülhə verdiyi töhfədir. Gürcüstan da maraqlıdır ki, regionda sülh və sabitlik olsun. Regional iqtisadi əlaqələr daha da inkişaf etsin. Çünki sabitlik və iqtisadi inkişaf bütün region dövlətlərinin xeyrinədir”.
Vidadi ORDAHALLI