Təbriz Musayev: “Bu 3 ölkəni Paşinyan məsələsində vahid mövqedən çıxış etməyə sövq edən faktorlar var”
Ermənistandakı son seçkilər və onun nəticələri hələ də müzakirə olunur. Səsvermədən bir aya yaxın vaxt keçir, amma İrəvanın əsas geosiyasi qonşuları və tərəfdaşları - Rusiya, Çin və İran diplomatik sükut saxlamağa davam edirlər.
Vladimir Putin, Si Cinpin və İranın ali dini lideri Müctəba Xameneinin hələ də Nikol Paşinyana qələbəsi münasibətilə ənənəvi təbriklər göndərməməsi getdikcə daha çox diqqəti cəlb edir. Sözügedən məsələ ilə bağlı erməni mediası yazır: “Rusiya onu seçki qələbəsi münasibətilə nə tanıyıb, nə də təbrik edib. Çin hələlik bu məsələ ilə bağlı heç bir fikir bildirməyib. İran İslam Respublikası da eyni şeyi edib”.
Maraqlıdır, 3 ölkə başçısı Paşinyanı niyə indiyə qədər təbrik etməyib? Bu Putinin Çinə və İran liderinə təzyiqi hesab oluna bilərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, 3 ölkə liderinin indiyə qədər Paşinyanı təbrik etməmələri təsadüfə oxşamır: “Bildiyim qədər indiyə qədər Ermənistanda belə hal olmayıb. Burada Rusiyanın dolayı da olsa diplomatik rolu ola bilər. Məsələ ondadır ki, bu 3 ölkəni Paşinyan məsələsində vahid mövqedən çıxış etməyə sövq edən faktorlar var. O da ondan ibarətdir ki, Ermənistanın Qərblə yaxınlaşma kursu Moskva, Tehran və Pekinin maraqlarına cavab vermir. Onlar fərqindədilər ki, qarşıdakı 5 il ərzində bu kurs daha da güclənə bilər. Xüsusən də Birləşmiş Ştatların TRIPP layihəsinin reallaşmasında təşəbbüsü və iştirakı bu ölkələri məmnun etmir. Hər üç ölkə yaxşı bilir ki, ABŞ Avropa İttifaqı deyil. O mənada ki, daha güclü oyunçudur. ABŞ hansısa formada Ermənistana yerləşərsə, onu oradan çıxarmaq asan olmayacaq. Avroittifaq isə ABŞ qədər nə siyasi, nə də hərbi baxımdan güclü deyil. İstisna deyil ki, Moskva Tehran və Pekinlə bu istiqamətdə gizli təmaslar aparır. Məqsəd bu və ya digər formada Paşinyan hakimiyyətini daha çox təzyiq altında saxlamaqdır. Rusiya tərəfi onsuz da Ermənistana siyasi, iqtisadi təzyiqləri artırıb. Ermənistandan idxal edilən bir sıra kənd təsərrüfatı məhdudiyyət qoyulub və getdikcə bu siyahı genişlənir. Bir sözlə, 3 böyük ölkədən Paşinyanla bağlı təbriklərin gecikməsi regionda geosiyasi mübarizənin tərkib hissəsidir. Bu mübarizə əslində hər zaman olub. Söhbət 1991-ci ildən sonrakı dövrdən gedir. Ancaq indi daha kəskin fazaya keçir. Çünki Rusiya Cənubi Qafqazı itirmək üzrədir. Fikrimcə, prosesləri dramatikləşdirən amil budur”.
Vidadi ORDAHALLI