Tural İsmayılov: “Paşinyanın sükutu hadisəyə biganə qalmaqdan daha çox, müxtəlif xarici siyasət istiqamətləri arasında tarazlığı qorumaq cəhdi kimi qiymətləndirilə bilər”
Ermənistanın baş naziri Nikol Paşinyan Natentahu hökumətinin qondarma “erməni genosidini” tanımasını sükutla qarşıladı. Halbuki çoxları düşünürdü ki, Paşinyan burada obyektiv davranacaq və başa düşəcək ki, Netanyahu səmimi deyil, bu onun Türkiyənin acığına, türk dünyasını parçalamaq naminə atdığı siyasi bir addımdır. Paşinyan bilir ki, erməni genosidi heç bir tarixi, siyasi əsasa malik deyil. Ona görə də hamı gözləyirdi ki, Paşinyan Netanyahunun bu qərəzli siyasi addımına normal münasibət bəsləyəcək, onun lazımı qiymətini verəcək. Ən azından deyə bilərdi ki, bizim işimizə müdaxilə etməyin, tanıyan olsaydınız indiyə qədər tamıyardınız. Amma Paşinyan susdu.
Paşinyan Natentahu hökumətinin qondarma erməni genosidini tanımasını niyə sükutla qarşıladı?
Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Paşinyanın İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı açıq bəyanat verməməsi ilk baxışda təəccüblü görünsə də, bunun arxasında bir neçə siyasi və diplomatik səbəb dayana bilər. “Ermənistan rəhbərliyi hazırda xarici siyasətdə emosional bəyanatlardan daha çox praqmatik yanaşmaya üstünlük verir və müxtəlif istiqamətlər üzrə manevr imkanlarını qorumağa çalışır.
Bir tərəfdən, İrəvan yaxşı anlayır ki, dövlətlərin bu cür qərarları əksər hallarda yalnız tarixi məsələlərdən deyil, həm də geosiyasi maraqlardan qaynaqlanır. Buna görə də Paşinyan hökuməti İsrailin addımını şərh etməklə həmin qərarın motivləri ətrafında polemikanın bir hissəsinə çevrilmək istəməmiş ola bilər. Sükut müəyyən mənada bu mövzunu böyütməmək cəhdi kimi də qiymətləndirilə bilər”.
T.İsmayılovun fikrincə, digər mühüm amil Ermənistanın son illərdə yürütməyə çalışdığı balanslı xarici siyasətdir. O, qeyd etdi ki, Paşinyan həm Qərblə, həm regional ölkələrlə, həm də Yaxın Şərq istiqamətində münasibətlərini mümkün qədər açıq saxlamağa çalışır. “Belə bir şəraitdə İsrailə qarşı sərt tənqidi mövqe nümayiş etdirmək də, qərarı xüsusi təqdir etmək də İrəvanın diplomatik maraqlarına tam uyğun gəlməyə bilər.
Bundan başqa, Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini tamamilə gündəmdən çıxarmaq istəmir. İki ölkə arasında dialoq müxtəlif çətinliklərlə davam etsə də, rəsmi İrəvan bu kanalların bağlanmasında maraqlı görünmür. Bu səbəbdən Ankara üçün həssas hesab olunan bir məsələ ətrafında əlavə siyasi ritorikadan yayınmaq da düşünülmüş diplomatik seçim ola bilər.
Eyni zamanda, Ermənistan daxilində də bu məsələ kifayət qədər həssasdır. Paşinyan hökuməti son illərdə tarix və milli kimliklə bağlı mövzularda fərqli yanaşmalarına görə müxalifətin tənqidlərinə məruz qalıb. Belə bir şəraitdə hökumət emosional bəyanat vermək əvəzinə mövqeyini diplomatik səssizliklə ifadə etməyi daha məqsədəuyğun hesab etmiş ola bilər.
Nəticə etibarilə, Paşinyanın sükutu hadisəyə biganə qalmaqdan daha çox, müxtəlif xarici siyasət istiqamətləri arasında tarazlığı qorumaq cəhdi kimi qiymətləndirilə bilər. Bu, həm İsraillə münasibətləri gərginləşdirməmək, həm Türkiyə ilə normallaşma gündəmini əlavə risk altına atmamaq, həm də Ermənistanın hazırkı praqmatik xarici siyasət kursunu davam etdirmək məqsədinə xidmət edən diplomatik davranış kimi dəyərləndirilə bilər”-deyə T.İsmayılov bildirdi.
İradə SARIYEVA