Azər Allahverənov: “Aİ Azərbaycanla bağlı siyasətini enerji və nəqliyyat-logistika layihələri üzərində kökləyir”
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana və ertəsi gün Ermənistana səfərlərinin məqsədləri açıqlanıb. Bununla bağlı kommünikedə deyilir:
“Səfərlər dörd prioritet sahəyə yönələcək: keçən il tarixi sülh müqaviləsinin imzalanmasından sonra sülh prosesinin dəstəklənməsi; region daxilində, eləcə də Avropa və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması; Cənubi Qafqazla iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və Rusiyanın iqtisadi təzyiqi qarşısında Ermənistana dəstək”.
Bu göstərilənlərin demək olar hamısına Azərbaycan bu və ya digər dərəcədə əməl edir. Bəs bütün bunların müqabilində Avroittifaq Azərbaycana nə verəcək? Ermənistana Aİ-nin faktiki iqtisadi dəstəyi ortadadır. Bəs Azərbaycana?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Azər Allahverənovun fikrincə, Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə bağlı xüsusi bir strategiyası var: “Bu strategiya dövlətdən-dövlətə dəyişə bilər. Məsələn, Aİ Gürcüstana bir münasibət bəsləyir, Ermənistana tamam fərqli münasibət sərgiləyir. Ermənistan Aİ üçün bu gün Rusiyanın asılılığından çıxarılması məqsədi daşıyır. Sanki Ermənistan iqtisadi və siyasi cəhətdən Rusiya çox ciddi asılıdır. Bu səbəbdən də Aİ çalışır burada Ermənistanla bağlı elə bir siyasət yürütsün ki, bu asılılığı minimuma endirsin. Bununla bağlı iqtisadi zəmində Ermənistana bir sıra güzəştlərin, xüsusən də gömrük güzəştlərinin edilməsi gündəmdədir. O cümlədən, Ermənistana maddi dəstəyin verilməsi nəzərdə tutulub. Eyni zamanda siyasi müstəvidə müxtəlif platformalar üzərindən Ermənistanın dəstəklənməsi planlaşdırılır. Məsələn, Avropa Siyasi Birliyinin Ermənistanda tədbirinin keçirilməsi. Bütün bunlar ondan xəbər verir ki, bu gün Brüssel daha çox Ermənistanı Aİ-yə inteqrasiya edə biləcək siyasət yürütməkdədir. Nə dərəcədə Ermənistan buna nail olacaq, bu artıq başqa məsələdir. Ermənistan Aİ-yə inteqrasiya ilə bağlı hüquqi müstəvidə qanun qəbul edib. Ermənistanın bu siyasəti Rusiyanın yaratdığı platformalarda – Aİİ və KTMT-də kəskin qarşılanmaqdadır. Hələ ki, Rusiya bunun qarşısını ala bilmir”.
Azərbaycanla bağlı Aİ-nin siyasətinə gəldikdə isə A. Allahverənov bunları qeyd etdi: “Məsələ ondadır ki, Aİ ilə Azərbaycan arasında münasibətlər enerji sahəsi üzərində strateji tərəfdaşlıq mahiyyətinə malikdir. Bu gün Azərbaycan Aİ-nin enerji sahəsində təhlükəsizliyini təmin edə biləcək, onun zəmanətini verən dövlət qismində çıxış edir. Yəni Aİ ilə Azərbaycan arasında tam bərabərhüquqlu münasibətlərin formalaşdığını biz görürük. Aİ-nin üzvü olan 10 dövlət bilavasitə Azərbaycanın təbii qazı hesabına enerji təhlükəsizliyini təmin edir. Məsələn, Ermənistanla Aİ münasibətlərinə nəzər saldıqda burada daha çox infaltil bir münasibət var. Yəni Aİ zaman-zaman Ermənistanın “başını sığallayan” bir siyasət yürüdür. Ancaq Azərbaycanla bağlı vəziyyət tam fərqlidir. Azərbaycan bir çox məsələlərdə hətta inkişafını təmin edə biləcək layihələrin uğurlu şəkildə reallaşdırılmasını həyata keçirən dövlət qismində çıxış edir. Burda Avrasiya qitəsində icra olunmaqda olan layihələr var. Hansılar ki, bilavasitə Aİ üçün həyati əhəmiyyət kəsb edir. Aİ də bütün vasitələrlə çalışır ki, həmin layihələrdən uğurlu şəkildə bir istifadəçisinə çevrilsin. Bunun üçün də Azərbaycanla bağlı olan siyasətini məhz enerji sahəsində əməkdaşlıq üzərində qurur. O cümlədən, nəqliyyat-logistika layihələri üzərində köklənəcək strategiya əsasında həyata keçirmiş olsun. Burada da tam bərabərhüquqlu bir əməkdaşlıqdan, tərəfdaşlıqdan söhbət gedir. Bunu biz Avropa Komissiyasının fəaliyyətində də görürük”.
Vidadi ORDAHALLI