Azər Həsrət: "Türk dünyası Azərbaycanın qırmızı xəttidir"
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı qərarını tənqid edib və bunun ciddi narahatlıq doğurduğunu bildirib. XİN qeyd edib ki, 1915-ci il hadisələrinin siyasi qərarlarla qiymətləndirilməsi tarixi həqiqətlərin təhrif olunmasına səbəb olur və regionda sülh, barışıq və qarşılıqlı anlaşma səylərinə zərər vurur. Nazirlik İsraili bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb və Azərbaycanın tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüquqa hörmət və davamlı sülhün təşviqi istiqamətində mövqeyini davam etdirəcəyini vurğulayıb. Məlumata görə, İsrailin xarici işlər naziri Gideon Saar hökumətin "erməni soyqırımı"nın tanınmasına yekdilliklə səs verdiyini açıqlayıb və layihənin Knessetin plenar iclasında səsverməyə çıxarılacağı bildirilib.
Azərbaycan hökuməti məsələ qaldırıb ki, İsrail bu qərarına yenidən baxsın.
İsrail hökuməti Azərbaycanın bu etirazını və XİN-in çağırışını nə dərəcədə ciddi qəbul edəcək? Bu qərarın yenidən nəzərdən keçirilməsi ehtimalı varmı, yoxsa İsrail mövqeyində israrlı qalacaq? Bu vəziyyət iki ölkə arasındakı strateji münasibətlərə necə təsir göstərə bilər?
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan İsraillə münasibətlərini həmişə yüksək qiymətləndirib, Bakı ilə Təl-Əviv arasındakı əlaqələrin inkişafına daim çalışıb. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə əlindən gələni edib, İsrail tərəfi də əksər hallarda buna müvafiq şəkildə cavab verib.
Şərhçi vurğulayıb ki, Azərbaycan həmişə İsrailə və onun tərəfdarlarına anlatmağa çalışıb: Bakı ilə yaxşı münasibətlər saxlamaq mümkündür, lakin İsrail bu fonda Türkiyə ilə münasibətləri də nəzərə almalıdır. Həsrətin fikrincə, Türkiyə Azərbaycan üçün əvəzsiz bir dövlətdir, türk xalqı isə Azərbaycan xalqından ayrı bir millət deyil. Bu baxımdan İsrailin Türkiyəyə münasibətdə diqqətli olması zəruridir.
Azər Həsrət qondarma "erməni soyqırımı" iddialarının Knessetdə tanınması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu, absurd bir məntiqdən başqa bir şey deyil. Üstəlik, Ermənistanın özü belə həmin iddiaların saxta olduğunu artıq birinci şəxs səviyyəsində etiraf etməyə başlayıb. Belə bir şəraitdə İsrailin Türkiyəyə qarşı bu cür addım atması Azərbaycana qarşı da düşmənçilik kimi qəbul edilir.
Şərhçi İsrail tərəfini alternativ qarşısında qoyub: "İsrail ya bu qərarı Knessetdən keçirib Azərbaycanı və digər türk dövlətlərini tərəfdaş kimi itirir, ya da yanlış qərardan geri addım atıb bizimlə münasibətlərini qoruyur".
Azər Həsrət bildirib ki, Azərbaycan İsraillə aralarında soyuqluq yaranmasını arzu etmir. Əgər İsraildə bunu istəyən varsa, böyük səhv edir və bu səhvi mütləq düzəltməlidir. Ona görə də Azərbaycan XİN-in İsrailə ünvanladığı çağırış olduqca ağlabatan və xoşməramlıdır - tərəflər arasındakı dostluq münasibətləri də bunu vacib edir.
Dəniz NƏSİRLİ