Əli Orucov: “Çox güman ki, Medvedevin oyundan kanarlaşdırılması Putinin razılığı ilə olub”
Rusiyanın hakim partiyası sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər üçün federal seçki siyahısını təsdiqləyib. Hakim "Vahid Rusiya" Partiyasının qurultayında federal seçki siyahısına xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Siyahının ilk beşliyində həmçinin aşağıdakı şəxslər yer alıb:
Sergey Sobyanin - Moskva şəhərinin meri;
Vladislav Qolovin - "Yunarmiya" hərbi-vətənpərvərlik hərəkatının rəhbəri;
Mariya Lvova-Belova - Rusiyanın uşaq hüquqları üzrə müvəkkili (ombudsman);
Yevgeni Poddubnı - Rusiyanın tanınmış "Z-hərbi müxbiri".
Diqqəti çəkən məqam odur ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qarşıdan gələn parlament seçkilərində hakim "Vahid Rusiya" partiyasının seçki siyahısından kənarda qalıb. Halbuki, Medvedevin rəhbərlik edəcəyi ilə bağlı məlumatlar var idi. Hətta bu günlərdə belə məlumatlar yayılmışdı ki, Medvedev Dövlət Dumasının sədri olmaq istəyir. Hətta onun seçkilərinin vaxtının dəyişdirilməsinə qarşı çıxması barədə məlumatlar var idi.
Maraqlıdır, Lavrov parlamentin sədrimi olacaq? Medvedevin kənarda qalmasının səbəbi nədir? Ola bilərmi ki, onu siyasi səhnədən uzaqlaşdırmaq istəyirlər? Nə baş verir?
Sözügedən məsələyə aydınlıq AMİP funksioneri Əli Orucov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Medvedevlə bağlı baş verənlər onun siyasi səhnəsən sıxışdırılmasından xəbər verir: “Məsələ ondadır ki, son dövrlər Medvedevin verdiyi bir sıra məsuliyyətsiz açıqlamalar onu qeyri-ciddi bir siyasi fiqura çevirib. Medvedevin son illərdəki kəskin ritorikası və nüvə təhdidləri Rusiya cəmiyyətində birbaşa müharibə ilə assosiasiya olunur. O da məlumdur ki, Rusiya əhalisi artıq müharibə mövzusundan bezib. Rusiya nə qədər avtoritar dövlət olsa da, seçkilər saxtalaşdırılsa da bir şey məlumdur ki, Medvedev o ritorika ilə ölkəyə yeni nəsə verməyəcək. Onun seçki kampaniyasına rəhbərlik etməsi hakim partiyanı uçuruma aparacaq. Onun siyahıdan çıxarılması o deməkdir ki, Medvedev siyasi nüfuzunu itirib. Burada partiyadaxili çəkişmələrin rolu da az deyil. Ancaq Rusiya kimi ölkədə son sözü Putin deyir. Çox güman ki, Medvedevin oyundan kanarlaşdırılması Putinin razılığı ilə olub. Lavrovun seçki siyahısına rəhbərlik etməsi o demək deyil ki, Dövlət Dumanın sədri o olacaq. Lavrovun 76 yaşı var və düşünmürəm ki, onu parlament sədri qoysunlar. Sadəcə müharibə başlayandan sonra Putinin ən etibar etdiyi siyasi fiqurlardan biri Lavrovdur. Putin Ukrayna ilə bağlı aparılan danışıqlarda ona etibar edir. Çox güman ki, parlamentin sədri nisbətən cavan və ambisiyası olmayan bir fiqur olacaq”.
Vidadi ORDAHALLI