Azər Həsrət: “Qarabağda suverenliyimiz təmin ediləndən sonra Rusiya həmin terrorçuları Ukraynaya yönəltdi”
Rusiyanın “Rossiya-1” telekanalı Azərbaycana qarşı növbəti təxribat törədib. Televiziyanın efirində vaxtilə Qarabağdan qaçmış hərbi cinayətkarla müsahibə verilib. Hazırda Ukraynaya qarşı döyüşən cinayətkarın yaxasındakı keçmiş separatçı rejimin rəmzi - “arsax” iri planda efirdə göstərilib.
Qeyd edək ki, söhbət Ukraynaya qarşı vuruşan “Arbat” erməni batalyonundan gedir. Azərbaycana qarşı vaxtilə döyüşmüş separatçılardan bəziləri hazırda pul qarşılığında “Arbat” batalyonuna qoşulub.
Erməni tərəfi hər zaman iddia edir ki, guya Qarabağdan 120 min erməni çıxarılıb. Ancaq indiyə qədər Qarabağdan Ermənistana köçmüş şəxslərdən 39 min 650 nəfəri bu ölkənin vətəndaşlığını qəbul edib. O zaman yerdə qalan ermənilər haradadır? Üstəlik, onların bir hissəsi qərb ölkələrinə gedib. Deməli, Qarabağ ermənilərinin çoxu Rusiyanın himayəsindədir. Ola bilsin Rusiyaya köçüblər və Moskva Qarabağ ermənilərindən Ukraynada gedən müharibədə istifadə edir. Görünən odur ki, Qarabağ ermənilərinin müəyyən hissəsi Rusiyanın tərəfində Ukraynada müharibəyə cəlb ediliblər, muzdlu kimi istifadə olunurlar.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrət bununla bağlı bir sıra məqamlara toxundu: “Dəfələrlə demişik ki, Qarabağdakı bölücü və terrorçu qruplaşmaların böyük əksəriyyəti Rusiya vətəndaşlarıdır. Həqiqətən də Rusiya xüsusilə sülhməramlı qüvvələrini Qarabağa yerləşdirdikdən sonra separatçılarla terrorçu təmasları gücləndirdi. Qarabağda 17 minlik qanunsuz terrorçu ordu yaratmışdı. Qarabağda suverenliyimiz təmin ediləndən sonra Rusiya həmin terrorçuları Ukraynaya yönəltdi. Onlara Rusiya vətəndaşlığı və digər imtiyazlar verilərək Ukraynaya qarşı işğalçı müharibədə istifadə edilir. Qarabağı tərk edən ermənilərin bir qismi Ermənistanda qalmadı. Təxminən 25 min nəfər erməni dərhal Rusiyaya qayıtmışdı. Onların hamısının ailəlikcə Rusiya vətəndaşlığı var. Hazırda Rusiyanın Ukrayna müharibəsinə cəlb etdiyi ermənilər də əsasən onlardır. Bundan başqa, Qarabağ erməniləri terrorçuluğa, bölücülüyə o qədər alışıblar ki, dinc dura bilmirlər, mütləq müharibədə olmalıdılar. Demək istədiyim odur ki, prinsipcə, bizi təəccübləndirən heç nə baş vermədi. Biz bilirdik ki, Rusiya separatçılardan öz məqsədləri üçün istifadə edir. Rusiyanın Azərbaycana qarşı yönəltdiyi separatçılar bu gün Ukraynaya qarşı döyüşürlər. Bütün bunlar bir daha təsdiqləyir ki, biz haqlıyıq. Erməni separatçıları ilə bağlı dediklərimiz reallığa söykənir”.
Vidadi ORDAHALLI