Hüseyn İbrahimov: “İşğal amili Ermənistanın uzun illər Rusiyanın boyunduruğu altında qalmasına səbəb oldu”
Ermənistan Baş naziri Nikol Paşinyan 2019-cu ildə Qarabağla bağlı səsləndirdiyi qalmaqallı bəyanatı barədə danışıb və brifinqdə jurnalistlərin suallarına cavab olaraq bildirib ki, “Qarabağ Ermənistandır” deməsəydi hələ də tələdə qalacaqdılar.
Paşinyan deyib ki, heç vaxt öz sözlərinə görə məsuliyyətdən yayınmayıb, vaxtilə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini onlarla dəfə şəxsən özü xatırladıb: “Həmin bəyanatın nəticəsində indiki mərhələyə gəlib çatdıq və bu, yaxşı mərhələdir. Əgər mən bunu deməsəydim, hələ də həmin tələdə qalacaqdıq, əsir vəziyyətində yaşayacaqdıq, çünki baş verənlərin əsl mahiyyətini anlaya bilməyəcəkdik. Bütün bunlar xülyadır, bizə elə gəlirdi ki, guya Qarabağ bizim idi, onu “itirmişik”. Əslində Ermənistanın özünü itirmək təhlükəsi ilə üz-üzə idik”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Paşinyanın bu açıqlaması bir sıra etirafları özündə ehtiva edir: “Burada bir sıra məsələlərdən söhbət gedir. Məsələ ondadır ki, ərazilərimiz işğal edildiyi üçün Ermənistan 30 il təcrid vəziyyətində qaldı. Həm Azərbaycan, həm də qardaş Türkiyə tərəfindən sərhədlər bağlı qaldı. Ermənistan regionda həyata keçirilən böyük enerji və nəqliyyat layihələrindən kənarda qaldı. Halbuki, Azərbaycan ərazilərini işğal etməsəydilər Ermənistan bundan faydalanardı. Tranzit gəlirlərindən milyonlar qazanardılar. Ermənistanın təcavüzkarlığı üzündən bundan məhrum oldular. Ən başlıcası isə, işğal amili Ermənistanın uzun illər Rusiyanın boyunduruğu altında qalmasına səbəb oldu. Bilavasitə Rusiya istəmirdi ki, işğal başa çatsın və Ermənistanın Azərbaycanla normal münasibətləri qurulsun. Çünki Rusiya işğal amilindən istifadə edərək daim Ermənistanı öz təsir zonasında saxlamağa çalışırdı. Bu baxımdan Paşinyan “hələ də həmin tələdə qalacaqdıq, əsir vəziyyətində yaşayacaqdıq” deməklə əslində Rusiyaya eyham vurur. Çünki hamıya məlumdur ki, Qarabağın işğalı amilindən istifadə edən ölkə məhz Rusiya idi. Paşinyan 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır və nöqtə” deməklə bir növ Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların üzərindən xətt çəkdi. Sanki Azərbaycanı təhrik elədi ki, güc yolu ilə işğala son qoysun. Təsadüfü deyil ki, məlum açıqlamadan düz bir il sonra 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlandı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi”.
Vidadi ORDAHALLI