Elşad Həsənov: “Əgər müharibədə ciddi uğurlar olmasaydı, Tramp mövqeyini dəyişməzdi”
Keçən ilin avqustunda Alyaskada keçirilən sammitdə ABŞ və Rusiya arasında Ukraynaya dair heç bir razılaşma əldə olunmayıb. Bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
Rubionun sözlərinə görə, ABŞ və Rusiya prezidentlərinin Ankoricdəki görüşündə müharibəni dayandırmaq üçün təklif müzakirə edilsə də, heç bir razılaşma olmayıb. Dövlət katibi həmin təklifin detallarını açıqlamayıb.
O da məlumdur ki, son vaxtlara qədər Rusiya rəsmiləri ABŞ rəhbərliyini Ankoric razılaşmasını yerinə yetirməməkdə tez-tez ittiham edirdilər. Rubio deyir Ankoricdə ümumiyyətlə hansısa razılaşma əldə olunmayıb. Ancaq G7 sammiti zamanı ABŞ prezidenti Donald Tramp qeyri-rəsmi olaraq Donbasın Rusiya tərəfindən idarə olunması ilə bağlı "Ankoric sazişlərini" ləğv etmək istəyini bildirib: “Elə etməsinlər ki, Ankoricdəki razılaşmanı ləğv edim”.
Əgər razılaşma olmayıbsa, o zaman Tramp nəyi ləğv edir? Ümumiyyətlə, təcavüzün qurbanı olan ölkə Ukraynadır. Kiyevdən xəbərsiz Rusiya ilə ABŞ saziş imzalayır və indiyə qədər o razılaşmanın mətni açılmayıb. Bilinmir orada nədən söhbət gedir. Kim bunlara haqq verib ki, Ukraynadan xəbərsiz bu dövlətin, xalqın taleyini həll edirlər?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, ötən il Ankoric görüşündən sonra müəyyən rəy yaratmağa çalışıldı: “Xüsusən də Rusiya bunu daha çox manipulyasiya etdi. Elə təəssürat yaradıldı ki, guya hansısa razılaşma əldə edilib. Halbuki, hansısa razılaşma olsaydı, bunun elementləri özünü göstərərdi. Reallıqda isə, bunların heç biri baş vermədi. O görüşdən sonra Tramp Donbasdan çıxmaqla bağlı Ukrayna prezidenti Zelenskiyə müəyyən təzyiq göstərib. Bu da əslində yeni bir şey deyil. Çünki Tramp prezident olduğu ilk dövrlərdən Zelenskiyə təzyiq göstərməyə başlayıb. Ancaq bütün görüşlərdə Zelenski bildirib ki, bu, mümkün deyil və onun buna səlahiyyəti yoxdur. Əsas məqamlardan biri də ondan ibarətdir ki, Avropa İttifaqı birmənalı olaraq bu kimi razılaşmalara qarşı olub. Avropanın mövqeyi ondan ibarətdir ki, Ukraynanın razılığı olmadan bu məsələ həll edilə bilməz. Ukraynanın təzyiqlərə duruş gətirməsi həm də Avropanın dəstəyi ilə bağlı olub. Çünki Avropa öz vəsaiti hesabına Ukraynaya silah alıb. Ankoricdən sonra müharibənin intensivliyi azalmayıb. Əksinə daha da şiddətlənib. Üstəlik, 2025-ci ilin sonundan etibarən Ukrayna cəbhədə təşəbbüsü ələ alıb. Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarını, digər vacib əhəmiyyətə malik müəssisələri vurur. Cəbhənin bəzi istiqamətlərində müəyyən əraziləri azad edib. Rusiya böyük itkilər verir və əvvəlki kimi irəliləyə bilmir. Artıq Rusiyada ciddi yanacaq qıtlığı yaranıb və bunun fəsadları özünü göstərməkdədir. Gör Rusiya nə vəziyyətə düşüb ki, Qazaxıstandan, Hinistandan və digər ölkələrdən yanacaq idxalını nəzərdən keçirir. Dünyaya yanacaq satan Rusiya artıq başqa ölkələrdən yanacaq idxal etmək istəyir. Bütün bunlar əlbəttə ki, danışıqlarda Ukraynanın mövqeyinə təsir edir. Yəni danışıqlarda Ukraynanın mövqeyini möhkəmləndirir. Üstəlik, Fransada keçirilən G7 görüşündə Avropa liderləri Trampı inandıra bildilər ki, o, yenidən Ukraynaya dəstək göstərsin. Tramp da Rusiyaya qarşı yeni sanksiyaları istisna etmədi. Əgər müharibədə sadalanan ciddi uğurlar olmasaydı, Tramp mövqeyini dəyişməzdi. Yəni Zelenskini güzəştə getməyə çağırardı. Məlum uğurlar vəziyyəti dəyişdi”.
Vidadi ORDAHALLI