Türkiyə ilə münasibətlərin pisləşməsi fonunda İsrail hökuməti Osmanlı İmperiyasında “erməni soyqırımı”nı rəsmi olaraq tanımaq üçün yekdilliklə səs verib. Bununla bağlı açıqlama verən İsrail xarici işlər naziri Gideon Saar deyib ki, "Osmanlı İmperiyasının sistematik olaraq erməni xalqını məhv etmək məqsədi ilə soyqırıma bərabər cinayətlər törətdiyi geniş şəkildə qəbul edilir".
Məsələyə Türkiyə Xarici İşlər Nazirliyinin cavabı özünü gözlətməyib. İsrail hökumətinin sözügedən qərarı ilə bağlı yazılı açıqlama yayan Xarici İşlər Nazirliyi bildirib ki, Fələstin xalqını dünyanın gözü qarşısında sistematik şəkildə təqib edən və Qəzza xalqına qarşı soyqırım törətdiyinə görə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı bu siyasi qərarla öz cinayətlərini ört-basdır etmək məqsədi daşıyır.
"Türkiyə İsrailin bölgədəki ekspansionist və sabitliyi pozan siyasətinə son qoymaq və Netanyahu hökumətini mülki şəxslərə, xüsusən də Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında məsuliyyətə cəlb etmək üçün qətiyyətlə çalışmağa davam edəcək"- bəyanatda deyilir.
SAMİRƏ