Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməməsi məsələsi müzakirə olunur. Bu barədə təşkilatın baş katibi Taatbek Masadıkov “RİA Novosti” agentliyinə bildirib.
“Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və nazirlər bu məsələni ətraflı müzakirə etdilər. Ermənistan üç ildir ki, öz haqqını ödəmir”, - deyə Masadıkov Minskdə keçirilən “Milli Təhlükəsizlik. Belarus-2026” sərgisi zamanı jurnalistlərə bildirib.
Masadıkov qeyd edib ki, KTMT-yə üzv ölkələr Ermənistanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüquqlarının ləğvini müzakirə edirlər.
Onun sözlərinə görə, Ermənistan təşkilatın işində demək olar ki, de-fakto heç bir rol oynamır, baxmayaraq ki, de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvüdür. Bununla belə, qərar əlbəttə ki, erməni xalqına və Ermənistan rəhbərliyinə aiddir.
Tahir TAĞIYEV