Azər Həsrət: “İslam ölkələri arasında informasiya sahəsində arzuolunacaq səviyyədə iş birliyi yoxdur”
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu fikirlər Prezident İlham Əliyevin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.
Sözügedən məsələ ilə bağlı fikirlərini bakı-xeber.com-la bölüşən media eksperti Azər Həsrət bununla bağlı bir sıra məqamlara toxundu: “Cənab Prezidentin sözügedən müraciəti yerinə düşən və vaxtında edilmiş bir çağırışdır. Həqiqətən də, xüsusən islam ölkələri arasında informasiya sahəsində arzuolunacaq səviyyədə iş birliyi yoxdur. Mən özüm də həmin forumda iştirak etdim. Əlbəttə ki, bu, bir ilkdir. Yeri gəlmişkən, D-8 ölkələri on illərdir fəaliyyət göstərmələrinə baxmayaraq, bu səviyyədə forum keçirməyib. Azərbaycan bu il D-8-ə üzv seçilib və ilk təşəbbüslərindən biri də Media Forumunun keçirilməsi oldu. Forumda maraqlı çıxışlar dinlədik, üzv ölkələrin təmsilçiləri, öz ölkələrinin təcrübəsi, eyni zamanda təkliflərini səsləndirdilər. Cənab Prezidentin müraciətində bir sıra çağırışlar yer alırdı. Yəni bu çağırışlar sadəcə olaraq sözgəlişi deyil. Doğurdan da islam ölkələri arasında informasiya sahəsində daha dərin mübadilə imkanları nəzərdən keçirilməlidir. Elə ölkələr var ki, demək olar biz onlarla işləmirik. Məsələn, Nigeriya. Afrikanın böyük ölkələrindən biridir, neft ehtiyatları ilə zəngindir. Böyük bir müsəlman icması olan ölkədir. Təbiidir ki, belə bir ölkədə biz niyə boşluq buraxmalıyıq ki, bizə qarşı olanlar da oranı doldursun? İndoneziya ilə Malayziya bizdən min kilometrlərlə uzaqda yerləşirlər. Onların mediası ilə arzu edilən səviyyədə işləmirik. Eyni zamanda o ölkələrin özləri də Azərbaycanda yetərincə iş qurmayıblar. Bax bu media sahəsində iş birliyinin dərinləşdirilməsi nəticə etibarı ilə qarşılıqlı faydaya gətirib çıxaracaq. Yəni onlar ölkəmizdə Azərbaycan vasitəsi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində, ümumiyyətlə bizim coğrafiyada öz sözlərini deyə biləcəklər. Biz də onların vasitəsi ilə həmin ölkələrin olduğu coğrafiyalarda sözümüzü deyəcəyik. Təbii ki, qardaş Türkiyə, Pakistandır üzv ölkələrdən. O tərəfdən qonşu İrandır, Misirdir. Yəni hərənin özünə görə bir coğrafiası var. Hesab edirəm ki, informasiya sahəsində iş birliyi baxımından cənab Prezidentin bu çağırışı yerinə düşür”.
Vidadi ORDAHALLI