Rusiya prezidenti Putin ABŞ hazırladığı planının Ukrayna üçün sülh müqaviləsinin "təməlini qoya" biləcəyini deyib və ilk dəfə olaraq Moskvanın ABŞ-dan planın surətini aldığını təsdiqləyib. Vaşinqtonun 28 maddəlik planından danışan Putin, planın çoxsaylı Rusiya tələblərini ehtiva etdiyini və Kiyevdə və Avropada narahatlıq doğurduğunu bildirib.
Kiyevi, planı rədd edəcəyi təqdirdə daha çox ərazi itirəcəyi ilə hədələyən Putin, Ukraynanın Kupyansk şəhərinin ələ keçirilməsinin "digər mühüm cəbhə bölgələrində də təkrarlanacağını" bildirib: "Biz münaqişənin sülh yolu ilə həllinə hazırıq, lakin planın detalları müzakirə olunmalıdır".
Putin deyib: " Alyaskadakı danışıqlar zamanı bəzi çətin məsələlərə və çətinliklərə baxmayaraq, irəli sürülən təklifləri qəbul etdiyimizi və çeviklik göstərməyə hazır olduğumuzu təsdiqlədik".
Çin, Hindistan, Şimali Koreya, Cənubi Afrika, Braziliya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri də daxil olmaqla Qlobal Cənubdakı tərəfdaşlarına bu məsələ ilə bağlı məlumat verdiklərini deyən Putin, hər kəsin potensial razılaşmaları dəstəklədiyini bildirib: "Lakin Alyaskadakı danışıqlardan sonra ABŞ tərəfində fasilə görürük. Bu fasilənin Ukraynanın Prezident Tramp tərəfindən təklif olunan sülh planını rədd etməsindən qaynaqlandığını bilirik".
Planın 28 maddəlik kimi təkmilləşdirildiyini təxmin etdiklərini deyən Putin planın mətninin onlara da çatdırıldığını bildirib: "Planın mətni əlimizdədir. Bunu ABŞ administrasiyası ilə mövcud qarşılıqlı əlaqə kanallarımız vasitəsilə aldıq. İnanıram ki, bu plan yekun sülh yolu ilə həll üçün əsas yarada bilər. Lakin bu mətn bizimlə ətraflı müzakirə olunmayıb. Bunun səbəbi də ABŞ administrasiyasının Ukrayna tərəfini inandıra bilməməsindən qaynaqlanır. Ukrayna buna qarşıdır. Görünür ki, Ukrayna və onun Avropa müttəfiqləri hələ də döyüş meydanında Rusiyaya strateji məğlubiyyət yaşatmaq xəyalı qurur".
Rusiya ordusunun Xarkov vilayətindəki Kupyansk şəhərini ələ keçirdiyini deyən Putin, Kiyevin cəbhə xəttindəki vəziyyətdən xəbərsiz olduğunu iddia edib:
"Əgər Kiyev Prezident Trampın təkliflərini müzakirə etmək istəmirsə və onları rədd edirsə, həm onların özləri, həm də Avropalı müharibə təeəfdarları Kupyanskda baş verənlərin cəbhənin digər əsas bölgələrində də qaçılmaz olaraq baş verəcəyini anlamalıdırlar. Bu, bəlkə istədiyimiz qədər tez baş verməyə bilər, amma qaçılmaz olaraq yenidən baş verəcək. Bu vəziyyət yenə də bizim üçün əlverişlidir, çünki bu, xüsusi hərbi əməliyyatın məqsədlərinə (Ukraynada) silahlarla nail olmağa imkan verir".
TAHİR