Hüseyn İbrahimov: “Əlaqələrin inkişafı üçün vahid ticarət, logistika tarifləri olmalıdır”
Məlum olduğu kimi, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Toplantısı regional əməkdaşlıq baxımından mühüm qərarlarla yadda qalıb.
Beş Orta Asiya ölkəsi ilə yanaşı, Azərbaycan da bu formatda ilk dəfə tamhüquqlu üzv kimi iştirak edib. Özbəkistan prezidenti Şövkət Mirziyoyev Azərbaycanın tam üzvlüyünün Orta Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradacağını bildirib. Bu, Azərbaycan və Mərkəzi Asiyanın vahid geosiyasi məkanın yaranması prosesində önəmli bir mərhələdir. Bunu Prezident Əliyev də çıxışında xüsusi qeyd edib. Yəni Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi məkana çevrilir.
Maraqlı olan odur ki, Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi məkana çevrilmə prosesinin bundan sonra hansı təşkilatlanma formalarında davamı olacaq və olmalıdır. Dövlət başçıları görüşüb. Sözügedən formatın bundan sonrakı təşkilatlanma prosesi necə gedəcək? Məsələn, hökumət başçılarının toplantısı, müxtəlif sahələr üzrə nazirlərin toplantısı və hətta QHT sistemində formalaşma, media sturukturları arasında əlaqələr, humanitar əlaqələr hansı formada təşkil olunacaq? Bir sözlə, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlıq formatının təşkilatlanmasını biz görürük. Ancaq təşkilatlanma prosesinin bundan sonrakı vəziyyəti necə olacaq?
“Azərbaycan bununla region dövlətlərinin Rusiya və Çindən asılılığını azaldacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, bundan sonra qurumlararası təmasların sayı artacaq: “Bu da müxtəlif sahələri əhatə edəcək. Məsələn, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlıq formatı çərçivəsində nəqliyyat-ticarət əlaqələrinin sadələşdirilməsi istiqamətində işlərin intensivləşdiriləcəyi gözlənilir. Adətən bu kimi formatlarda buna xüsusi diqqət yetirilir. Düzdür, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında viza sistemi mövcud deyil. Ancaq bu kifayət deyil. Əlaqələrin inkişafı üçün vahid ticarət, logistika tarifləri olmalıdır. Prezident İlham Əliyev Daşkənddə çıxışında daşımaların rəqəmsallaşdırılmasını xüsusi qeyd etdi. Hesab edirəm ki, bu yöndə təmaslar artacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan Mərkəzi Asiya üçün Avropaya çıxış qapısıdır. Azərbaycan bununla region dövlətlərinin Rusiya və Çindən asılılığını azaldacaq. Bununla yanaşı, QHT-lər arasında təmasların yaranacağı və bunun davamlı olacağı gözlənilir. Eyni zamanda media arasında əlaqələr də genişlənəcək”.
Vidadi ORDAHALLI