Fransanın baş naziri Sebastyen Lekornü vəzifəyə başlamasından bir ay keçməmiş istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Lekornü yeni hökumətin qurulmasından bir neçə saat sonra istefa verib.
Yelisey Sarayından verilən açıqlamaya görə, Fransa prezidenti Makron onun istefasını qəbul edib.
Maraqlıdır ki, onun istefa xəbəri Makron bu səhər Lekornünün hökumətinin tərkibini açıqladıqdan bir neçə saat sonra gəlib. Bir aydan az əvvəl təyin olunmuş Lekornü bəzi nazirlərin adlarını açıqladıqdan sonra öz partiyası və müxalifətin sərt tənqidləri ilə üzləşib.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti yazırdı ki, Fransanın yeni Baş naziri Lekornü tərəfindən təklif olunmuş və Makron tərəfindən təsdiqlənmiş yeni hökumət bir il belə fəaliyyət göstərə bilməyən əvvəlki iki kabinetə oxşardır: “Analitiklərin fikrincə, yeni baş nazirin də siyasi taleyi sələfləri Mişel Barnye və Fransua Bayrunun aqibətinə bənzəyə bilər. Sebastyen Lekornü də onlar kimi mərkəzçi partiyalar, “Respublikaçılar” və sağçı “Milli Birlik” partiyası arasında formalaşmış kövrək siyasi ittifaqa arxalanmaq məcburiyyətində qalacaq”.
Nəşr, həmçinin qeyd edir ki, Fransa parlamentinin aşağı palatasında da siyasi mühit çıxılmaz vəziyyətdədir. Prezident Emmanuel Makronun zəif mərkəz-sağ koalisiyası sol və ifrat sağ partiyalarla gərgin mübarizə aparır. Bu səbəbdən Lekornü yeni hökumətə üzv seçərkən ciddi məhdudiyyətlərlə üzləşib.
TAHİR