Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

Azər Həsrət: “Razılaşma olmadan durub yer, vaxt müəyyənləşdirmək dünyanı aldatmaq cəhdidir”
“Ermənistan və Azərbaycan sülh sazişinin imzalanma vaxtının və yerinin müəyyən edilməsi məsələsi üzrə danışıqlar aparır”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda biz sülh müqaviləsinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh müqaviləsinin mətni nəhayət razılaşdırılıb, onu imzalamaq qalır”, - Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Həqiqətə oxşamayan belə məlumatları tirajlamaqda ermənilərin məqsədi nədir? Azərbaycanın məgər şərtləri sülh sazişinin harada və nə zaman imzalanması ilə bağlıdır? Azərbaycanın şərtləri Ermənistan Konstitusiyasında ərazi iddialarının çıxarılması və Minsk qrupunun buraxılması ilə bağlıdır. Sülhün harada və nə zaman imzalanmasını Azərbaycan bu iki şərtinin yerinə yetirilməsi çərçivəsində müzakirə edə bilər. O baxımdan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması dünyada ictimai rəyi çaşdırmağa xidmət edir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Ermənistan tərəfi ilk dəfə deyil belə yanıltıcı açıqlama verir: “Bundan bir neçə ay öncə də Azərbaycanla sülh sazişi mətninin tam razılaşdırıldığını elan ediblər. Ondan sonra buna bənzər bir fikir səsləndiriblər ki, indi də sazişin nə vaxt və harada imzalanacağını razılaşdırmaq qalıb. Təbii ki, Azərbaycan tərəfi də ona uyğun reaksiya verib və bəlli olub ki, sülh sazişi tam razılaşdırılmayıb. Azərbaycanın şərtləri hələ də yerinə yetirilməyib. Yəni Konstitusiyanın dəyişdirilməsi, ərazi iddiasından imtina və Minsk qrupunun ləğv edilməsi məsələləri açıq qalıb. Hazırda da bu iki şərt hələ ki yerinə yetirilməyib. Yerinə yetirilmədiyinə görə də təbii ki, Azərbaycan tərəfi o sazişi imzalamayacaq. İmzalamayacağı təqdirdə də onun vaxtının və yerinin müəyyənləşdirilməsi də uyğun görülmür. Yəni bu, məntiqsiz görünür. Çünki bu razılaşmanın olub-olmayacağı hələ bəlli deyil. Ona görə də razılaşma olmadan durub yer, vaxt müəyyənləşdirmək dünyanı aldatmaq cəhdidir. Azərbaycan sözügedən iki məsələdə konkret addımın atılmadığını gördüyü üçün deyilənləri təsdiqləmir. Ermənistan isə həm ictimai rəyi manipulyasiya etmək, həm də dünyaya özlərini sülh quşu kimi təqdim etmək üçün bu cür açıqlamalar verir. Ancaq bu cür yalançı siyasi reveranslarla kimisə aldada bilməyəcəklər. Sülh sazişi o zaman imzalana bilər ki, həmin iki şərti Ermənistan yerinə yetirsin. Bəlli şərtlər qəbul edilmədən Azərbaycan sazişin imzalanmasına getməyəcək. Çünki bu iki məsələ Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edir. Bu məsələdə Ermənistan qəti addım atmasa, sülh olmayacaq”.
Vidadi ORDAHALLI