Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

Əli Orucov: "Faktiki olaraq, Kreml danışıqlara və kompromisə hazır olması imitasiyası ilə məşğuldur"
Rusiya və Ukrayna qarşılıqlı olaraq imzalanması üçün bur-birinə memorandum təqdim etdiklərini deyirlər.
Ukrayna müdafiə naziri Rustem Umerov bəyan edib ki, Ukrayna Rusiya tərəfinə atəşkəsin dayandırılması ilə bağlı ölkənin mövqeyini əks etdirən memorandum təqdim edib: “Onlar bu sənədi əldə ediblər. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və sonrakı diplomatik işə hazır olduğunu təsdiqləyirik. Biz rusiyalılarla görüşlərin əleyhinə deyilik və görüşün boş olmaması və müharibənin başa çatmasını real şəkildə yaxınlaşdıra bilməsi üçün onların memorandumunu gözləyirik”.
Medianin məlumatına görə, artıq Rusiya da öz memorondumunu təqdim edib.
Memorandumların tam mətni barədə məlumat yoxdur. Lakin Lavrov həm də qeyd edib ki, memorandumda münaqişənin ilkin səbəblərini aradan qaldıran bir sıra aspektlər əks olunub.
Politoloq Əli Orucov baki-xeber.com-a məsələni şərh edərkən bildirdi ki, danışıqlarla bağlı Ukrayna və Rusiyanın yanaşmaları fərqlidir - Moskva atəşkəsin əldə edilməsi üçün özünə ilhaq etdiyi vilayətlərdən Ukrayna qoşunlarının çıxarılması, silah-sursatla təchizatın dayandırılması, Krımdan tam imtina edilməsi, həmçinin Avro-Atlantika məkanına inteqrasiyadan əl çəkməsi, rus dilinin ikinci rəsmi dil kimi işlənməsinə icazə verilməsi kimi absurd şərtlər irəli sürür: "Kiyev isə bu şərtləri qəbuledilməz hesab edir.
İstanbulda Rusiya-Ukrayna danışıqlarının fiaskoya uğramasının səbəbi də məhz hər iki tərəf arasında kəskin fərqlərin olması və Kremlin sülh prosesinə qeyri-ciddi yanaşması oldu. Bununla da dünya ictimaiyyətinə bir daha aydın oldu ki, Putin sülh prosesinə hazır deyil. Bundan sonra qarşılıqlı hücumların intensivliyi və kəsəri də artdı. Ukraynaya Moskvanın istənilən yerdəki hədəflərini vurmaq icazəsi verildi. Beləliklə, müharibə daha geniş miqyas almağa və şiddətlənməyə başladı. Qərb Rusiyaya daha artıq təzyiq etməklə onu "danışıqlara məcbur etmək" siyasətini bir qədər sərtləşdirdi. Görünür bu, Kreml strateqlərini yenidən düşünməyə vadar edib və vəziyyətin ciddiliyini anlamağa başlayıblar. Məsələnin diqqət çəkən tərəfi odur ki, Ukraynanın Moskvaya təqdim etdiyi memarondumda dövlətin mövqeyi açıqlansa da, Rusiya hələ ki, detallar barədə məlumat vermir. Məlum olan odur ki, memorandumda Moskvanın əvvəlki mövqeyindən çəkilməsi ilə bağlı yeni heç nə yoxdur. Bu, memorandum mübadiləsinin real müsbət nəticələr verəcəyinə ciddi şübhələr yaradır.
Nəzərə almaq lazımdır ki, hərbi əməliyyatların və döyüşlərin getdiyi indiki şəraitdə etimad mühitinin yaradılması qeyri-mümkün görünür. Belə bir gərgin atmosferdə razılaşmalar əldə etmək çox çətindir. Bunun üçün ilk növbədə qeyd-şərtsiz atəşkəsə nail olunmalıdır. Moskva isə hələ ki, bundan qaçır. Faktiki olaraq, Kreml danışıqlara və kompromisə hazır olması imitasiyası ilə məşğuldur".
Dəniz NƏSİRLİ