Rusiya İstanbul görüşünə Ukraynanın tam təslim olması tələbilə gedir – Moskvaya istədiyi hər şeyi verməlidirlər...

İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda Rusiya prezidenti Vladimir Putinin Ukraynadan tələb edəcəyi şərtlər bəlli olub. “Times” qəzeti yazır ki, Putinin mayın 15-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilməsi planlaşdırılan danışıqlarda masaya qoymaq üçün dörd əsas tələbi var.
Rusiya liderinin əsas tələbi Ukraynanın tam təslim olmasıdır. "Danışıqların hədəfi bəllidir: münaqişənin əsas səbəblərini aradan qaldırmaq və Rusiyanın maraqlarını zəmanət altına almaq", - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Bundan əlavə, Putin Ukraynadan NATO-ya üzv olmaq məqsədindən əl çəkməsini tələb edir. Kreml mənbələri Ukraynanın Qərblə əlaqələrini kəsmədən sülh razılaşmasının mümkün olmayacağını bildirirlər.
Üçüncü tələb Ukrayna prezidenti Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Qeyd edilir ki, Rusiya nümayəndə heyəti Zelenskinin hakimiyyətdə qaldığı müddətcə sülh olmayacağı məsələsində israr edəcək.
Dördüncü və son tələb isə Xerson və Zaporojye kimi böyük şəhərlərin də aralarımda olduğu, Ukraynanın şərqində və cənubunda yerləşən dörd rayonun Rusiyaya verilməsidir. Kreml açıq şəkildə bildirir ki, bu şəhərlər Moskvanın hakimiyyəti altında olmalıdır.
Putin isə Moskvada jurnalistlərə deyib ki, sülhün yeganə yolu Ukraynanın Rusiyaya istədiyi hər şeyi verməsidir.
Bütün bunlar Avropa liderlərinin 30 günlük atəşkəs çağırışlarına baxmayaraq, Kremlin öz tələblərindən geri çəkilmək niyyətində olmadığını göstərir.
TAHİR