Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ermənilərin ümidlərinə son qoyaraq Azərbaycanın Xankəndi şəhəri ifadəsini işlədib. Klaarın Xankəndi söyləməsi erməniləri özlərindən çıxarıb və onun ünvanına tənqidlər səsləndirməkdə davam edirlər.
Avropa İttifaqının rəsmi şəxsinin erməni “Stepanakert”ini tarixi adı ilə adlandırması ermənilərlə bərabər, Avropa Parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə alt komitəsinin sədri Natali Loiseaunun da etirazına səbəb olub. Fransalı deputat Toivo Klaarın dediklərinə “düzəliş” edib və şəhərin adını ermənilər kimi ifadə edib. Ancaq bu, erməniləri sakitləşdirməyib.
Görünən odur ki, tarixi Azərbaycan ərazilərində sonradan qondarma adlar qoyan ermənilər reallıqla barışmaq istəmirlər. O cümlədən, ermənilərin xaricdəki havadarları da bu reallığı qəbul etmək niyyətində deyil. Ancaq nə qədər çabalasalar da nəyəsə nail ola bilməyəcəklər. Çünki regionda şərtləri Azərbaycan diqtə edir.
“Əslində bu o deməkdir ki, ermənilər reallıqla barışmalı və Azərbaycan tərkibində olmalarını qəbul etməlidirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədli hesab edir ki, bütün bunlar ermənilərə ünvanlanan sətiraltı mesajlardır: “Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar sıradan bir qurum təmsilçisi deyil. Onun indiki dövrdə Xankəndini öz tarixi adı ilə ifadə etməsi ermənilərə dolayı bir mesajdır. Əslində bu o deməkdir ki, ermənilər reallıqla barışmalı və Azərbaycan tərkibində olmalarını qəbul etməlidilər. Ermənilər və onların havadarları bunun fərqində olduqları üçün belə narahatdılar. O üzdən, belə reaksiyalar verirlər. Çünki Vətən müharibəsindən sonra ermənilərin qondarma arzuları həyata keçmir. Həm praktiki baxımdan, həm də təbliğat nöqteyi-nəzərindən. Əvvəl elə idi ki, ərazilər işğal altında idi və istədikləri kimi Ermənistana, oradan da xaricə gedirdilər. Daha dəqiq desək, Ermənistan pasportu ilə Avropaya və digər xarici ölkələrə gedib müxtəlif tədbirlər adı altında separatçı qurumun təbliğatını aparırdılar. Üç ilə yaxındır bundan məhrum olublar. Üstəlik, Qərb də bunun perspektivsiz olduğunu görür və Ermənistanı kompromislərə çağırır. Xüsusən də Avropa İttifaqı istəyir ki, sülh sazişi tezləşsin və regionda yeni layihələrin həyata keçirilməsinə şərait yaransın. Fransanın tutduğu destruktiv mövqe Avropa İttifaqının yanaşmasını dəyişə bilməz. Bütün bunlar onu göstərir ki, zaman keçdikcə Azərbaycan mövqeyini gücləndirir. Ona görə də Aİ rəsmilərinin bu yöndə Ermənistana mesajları artır. Bu, həm də o deməkdir ki, zamanla bütün məsələlər öz həllini tapacaq”.
Vidadi ORDAHALLI