Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan bildirib ki, dəmir yolu və dəniz nəqliyyatı ilə Rusiyaya birləşmiş daşıma Yuxarı Lars Beynəlxalq Avtomobil Nəzarət Məntəqəsindən (Rusiya-Gürcüstan sərhədində) keçən quru yolu ilə deyil, daha ucuz başa gələ bilər.
Erməni nazir qeyd edib ki, Batumi-Novorossiysk xəttindəki konteyner gəmisi artıq işə başlayıb və Yuxarı Lars keçid məntəqəsinə real alternativ olub: “Yeni marşrutun həm də həcm baxımından üstünlüyü var, çünki dəmir yolları böyük partiyaları daşıya bilir. Daşımaların həcmi nə qədər böyükdürsə, daşınan yükün vahidinin qiyməti də bir o qədər aşağı olur, ona görə də bu marşrut həm də qiymət baxımından sərfəlidir”.
Bütövlükdə, Ermənistan İrandan bu ölkəyə Şimal-Cənub beynəlxalq avtomobil nəqliyyat dəhlizinin işində bu seqmentə çox böyük ümid bəsləyir. Yəni bu yolla yükləri Gürcüstana, oradan da Qara Dəniz vasitəsi ilə Novorossiysk limanına və Rusiyanın müxtəlif yerlərinə daşınmasını nəzərdə tutur. Bu minvalla Hindistanıla Rusiya arasında əlaqənin yaranacağını düşünürlər. Nənəzərə alsaq ki, bu xətti qurmaq üçün 13 milyard dollara ehtiyac var, o zaman bu layihə nə dərəcədə realdır?
“... heç bir ölkə risqə gedib bu yükün altına girmək istəməz”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir sıra faktora görə həmin layihəni real hesab etmir: “Məsələ ondadır ki, bunu reallaşdırmaq üçün böyük vəsaitə ehtiyac var. Təkcə Ermənistan ərsazisində Şimal-Cənub avtomagistralını çəkmək üçün 4 milyard dollara ehtiyac var. Ermənistanın relyefi dağlıq olduğu üçün bu çox bahalı bir layihədir. Ermənistan büdcəsi həmin vəsaitdən bir qədər çoxdur. Heç bir xarici donor təşkilatı Ermənistana bu qədər borc verməz. Eyni zamanda, İran və Gürcüstanın öz ərazisində bu qədər işi görməyə gücü çatmaz. Gücü çatsaydı Rəşt-Astara dəmir yoluna görə Rusiyadan 1,5 milyard dollar kredit almazdı. Başqa bir tərəfdən, nəqliyyat xətti bir neçə ölkədən keçirsə, bu, daşıma xərclərinin artmasına təsir göstərir. Nəzərə almaq lazımdır ki, həmin marşrut üzrə yüklər Batuma daşınmalı, daha sonra orada gəmiyə yüklənməlidir. Daha sonra Novorossiysk limanından quru yolu ilə harasa aparılmalıdır. Ona görə də, belə bir nəqliyyat layihəsi rentabelli ola bilməz. O üzdən, heç bir ölkə risqə gedib bu yükün altına girmək istəməz. Ən azından ona görə ki, yaxın illərdə Azərbaycandan keçəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi tam gücü ilə işə düşəcək. Yəni dəmir yolunun Rəşt-Astara hissəsi tikiləndən sonra bu xətt fəaliyyətə başlayacaq və daşımalar üçün daha sərfəli olacaq. Belə bir rəqabət şəraitində Ermənistan iqtisadiyyat nazirinin dedikləri çətin ki, reallaşsın. Bu, yalnız erməni tərəfinin arzusudur”.
Vidadi ORDAHALLI