Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər, gözlənildiyi kimi, bu ölkədə böyük rezonans doğurub. Çünki burada o açıq mətnlə bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir.
Ermənistandakı radikal müxalifət, o cümlədən Robert Köçəryan, Serj Sarkisyan kimi canilərin, onların dəstəsi revanşist dəstələrinin Nikol Paşinyana verdiyi sözlərə əməl etməməsi üçün təzyiqləri müşahidə edilir. Lakin Paşinyan da bilir ki, indi 1998-ci il deyil və onun Levon Ter-Petrosyan kimi devrilməsi asan olmayacaq.
Buna rəğmən, görünən odur ki, radikallar yenə indiki vəziyyətdən istifadə edib hakimiyyətə gəlmək cəhdləri edirlər. Belə ki, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanatından sonra “Erməni Milli Federasiyası – Daşnaksütyun” partiyası ali şurasının nümayəndəsi İşxan Saqatelyan deyib ki, onun partiyası hökumətin hakimiyyətdən kənarlaşdırılması məqsədilə “yeni mübarizəyə” başlayır. O, Moskvada, Kişinyovda, Brüsseldə və Qranadada keçiriləcək görüşləri sadalayaraq bildirib ki, Paşinyan Əliyevlə qarşıdan gələn görüşlərdə Qarabağ və Ermənistanın təslim edilməsinin təkcə yol xəritəsini deyil, həm də qrafikini açıqlayıb. O qeyd edib ki, sonuncu Paşinyan-Əliyev görüşü oktyabrda Qranadada olacaq: “Erməni xalqının, Ermənistanın bütün siyasi qüvvələrinin, laqeyd olmayan vətəndaşların ölkənin təhvili prosesini dayandırmaq üçün 5-6 ay vaxtı var”. Saqatelyan Azərbaycanla imzalanacaq istənilən sənədin etibarsız olacağını göstərmək üçün Ermənistanda və Qarabağda kütləvi aksiyalara çağırıb. Bununla belə o, aksiyaların konkret tarixləri barədə heç nə deməyib: “Bu hakimiyyət başqa seçim qoymur: ya təslim olmaq, ya da vətən uğrunda mübarizə aparmaq lazımdır. Mən zorakı hərəkətlərə çağırmıram, amma qiyam – xalqı əsir etmiş hökumətə qarşı xalqın itaətsizliyi və müqəddəs hüququdur”. “Azatutyun” radiosu yazır ki, ötən il parlament müxalifətinin təşkil etdiyi “Müqavimət” hərəkatı günlərlə davam edən küçə aksiyalarından sonra Paşinyanın istefasına nail ola bilməyib. Bu dəfə də müxalifətin nəyəsə nail olması inandırıcı görünmür. İqtidaryönlü deputat Artur Ovannisyan Saqatelyanın bəyanatını şərh edərkən deyib ki, müxalifət artıq bütün resurslarını tükəndirib: “Heç kəs heç kəsin iradəsinin sərbəst ifadəsinə maneçilik törətməyəcək. Sadəcə, bizim bu dairələrə rica və çağırışımız budur ki, onlar öz hərəkətləri ilə birdən Ermənistan Respublikasının maraqlarına və Qarabağ ermənilərinin maraqlarına ziyan vurmasınlar. Çünki belə olarsa, bu dəfə bizim bu hərəkətlərə qarşı tədbirlərimiz qanun çərçivəsində, amma daha sərt olacaq”. Ovannisyan vurğulayıb ki, uzunmüddətli sülh naminə Ermənistan-Azərbaycan müqaviləsinin imzalanması üçün mümkün olan hər şeyi etmək lazımdır: “Bu situasiyada Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini reallaşdırmaq üçün imkan daha çox, Ermənistanın beynəlxalq aləmdə tanımış suveren əraziləri üçün və indiki halda Qarabağ erməniləri ətrafında risk daha azdır”. Qarabağın öz müqəddəratını təyinetmə hüququna dair təkrar suala cavab verən iqtidar deputatı deyib ki, indi vəziyyət dəyişib: “Mən istərdim ki, biz yenidən mümkün hərəkət imkanlarımızı müəyyənləşdirək. Hazırki situasiyada bizim hərəkətimiz belə olmalıdır: Ermənistan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış 29 min 800 kvadrat kilometrlik ərazisinin dövlət sərhədlərini, habelə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin edək”.
Bu arada xatırladaq ki, mayın 25-də Moskvada Rusiya Federasiyasının vasitəçiliyi ilə yüksək səviyyədə Putin-Əliyev-Paşinyan görüşünün keçirilməsi gözlənilir. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltsun, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin, Azərbaycan və Ermənistan liderlərinin iştirakilə beştərəfli görüşün iyunun 1-də Avropa siyasi icmasının ikinci sammitinin çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılıb. Bu formatda Brüsseldə də görüş olacağı gözlənilir. Mişel daha bir beştərəfli görüşün oktyabrda İspaniyada keçiriləcəyini deyib. Məhz bu göürşlərin yekunu olaraq cari il ərzində sülh sazişinin imzalanması gözlənilir. Amma görünən budur ki, radikal erməni müxalifəti bu prosesin qarşısını almağa çalışır. Bu mənada, cari il ərzində Ermənistanda yenidən etiraz aksiyalarının yeni vüsət alması gözlənilir. Amma erməni cəmiyyəti Azərbaycanla düşmənçiliyin onlara baha başa gəlməsini görüb müxalifətin revanşist çağrışlarına elə də ciddi dəstək vermir. Elə o səbəbdən Paşinyan qətiyyət göstərəcəyi halda bu il Ermənistan Azərbaycanla sülh sazişini imzalaya bilər. bu proseslərdən narahat olan Qarabağdakı bəzi ermənilər isə iddia edirlər ki, Paşinyanın onların adından danışmaq səlahiyyuəti yosdur. Elə bu fonda Qarabağdakı separatçıların qondarma “parlamenti” təcili toplanıb. Erməni mənbələr yazır ki, separatçılar arasında ciddi narahatlıq yaranıb: “Təcili iclasın məqsədi Paşinyana etiraz etmək, “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq “bəyanat” qəbul olunub”. “Bəyanat”da Brüssel razılaşması, o cümlədən, Ermənistan tərəfindən imzalanan sənədləri qəbul etmədiklərini bildirir, Paşinyan ittiham olunur. Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyana etiraz edib. Onların etirazının qondarma deputatların “siz də danışın, əks halda Paşinyanla razı olduğunuzu düşünəcəyik” xəbərdarlığından sonra edilməsi buna məcbur qaldıqlarından xəbər verir. Erməni mənbələr təcili toplantının digər məqsədinin Bakıya “mübarizə aparacağıq” mesajının verilməsi olduğunu qeyd edir. Separatçılar Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar. Digər məlumatlara görə, Paşinyanın bəyanatı Qarabağdakı erməni əhalisi arasında da çaxnaşma yaradıb. Bildirilib ki, açıq mətnlə səslənən bu fikirlər ermənilərin “ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək” seçimini qətiləşdirir və üçüncü seçimin olmadığı gerçəyini ön plana çıxarır. Təbii ki, Qarabağdakı ermənilərin istənilən fəaliyyətinin qanuni xarakter alması yalnız Azərbaycan qanunvericiliyinə uyğun olduqda mümkün ola bilər.
Nahid SALAYEV