“Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunmasına gəlincə, düşünürəm ki, bunun vaxtı gələcək, faktiki olaraq artıq gəlir.
Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır. Bu yaxınlarda mən dedim ki, onlar, sadəcə, sonuncu sözü deməlidirlər. Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər - Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələcək”.
Bu sözləri Prezident İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı səsləndirib. Azərbaycan lderinin dediyi həmin gün gəlib və bunu Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər təsdiq edir.
Paşinyan faktiki olaraq bildirir ki, Qarabağ Azərbaycandır! O, həmin mətbuat konfransında “news.am” saytının jurnalistinin “Əgər Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazi bütövlüyünü tanıyırsa, bura Qarabağ daxildir, ya yox? Qarabağ Azərbaycanın bir hissəsidir, ya yox” sualına belə cavab verib: “86 min 600 kvadrat kilometr əraziyə Dağlıq Qarabağ da daxildir. Ermənistanın indiki hökuməti nə deyirsə desin, Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən bunu daha konkretləşdirmişəm və daha konkret necə deyə biləcəyimi təsəvvür etmək çətindir. Ermənistan Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazi bütövlüyünü, fikrimizcə, Azərbaycan isə Ermənistanın 29 min 800 kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır”. Beləliklə, Ermənistan ən yüksək səviyyədə bildirir ki, Qarabağ Azərbaycandır! Bu da o deməkdir ki, sözügedən ölkə ilə Azərbaycanın tələbləri əsasında yaxın tezlikdə sülh müqaviləsinin imzalanması da mümkün olacaq. Çünki Ermənistanda indi yaxşı başa düşürlər ki, gələcəkləri məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Əks təqdirdə Ermənistanın bir ölkə kimi yox olması qaçılmazdır. Paşinyan onu da etiraf edir ki, anklavlar olan Qazaxın 7, Naxçıvanın 1 kəndi də Azərbaycanın ərazisinə daxildir. Bu fonda Paşinyanın daha bir maraqlı etirafı Türkiyəyə qarşı da ərazi iddiasından vaz keçdiklərini bildirməsidir: “Türkiyədən gələn siqnallar açıqdır. Amma Türkiyədən gələn siqnalları bir kənara qoyaq. İlk növbədə özümüz haqqında danışmalıyıq. Ararat (Ağrıdağ) və Araqatsdan (Ələyəz) danışanda mən suveren ərazini və Ermənistanın suveren ərazisi olmayan ərazini nəzərdə tuturam. Biri Ermənistan Respublikasındadır, biri isə Ermənistan Respublikasında deyil. Türkiyəyə gəlincə, bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşı? Əlbəttə, yaxşı. Dediklərimdə yenilik yoxdur, hökumətin 2021-ci il proqramında bu yazılıb. Uşaqlarla görüşəndə müxtəlif mövzularda danışırıq. Ermənistan Respublikasında ən hündür dağ hansıdır deyə soruşanda uşaqların ən azı yarısı və ya daha çoxu belə cavab verir: “Ararat”. Gəlin buna digər tərəfdən baxaq. Türkiyədə deyirlər, gözləyin, bu, Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Məncə bu bir faktdır. Ermənistanda uşaqlar bu məlumatı necə öyrənirlər – məktəbdə, yəni hökumətin həyata keçirdiyi təhsil siyasəti nəticəsində? Deyirlər ki, yaxşı, əgər bu uşaqlar indi Ermənistanda ən yüksək dağın Araqats deyil, Ararat olduğunu deyirlərsə, bu, Ermənistan Respublikasının Türkiyəyə qarşı ərazi iddialarının olması deməkdirmi? Əgər İrəvanın Ankaraya qarşı ərazi iddiaları varsa, o zaman biz nə üçün Ermənistan Respublikasının hər hansı formada inkişafına dəstək olmalı və bunu təşviq etməliyik? Belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər. İndi sual olunur: Ermənistanın ən hündür dağı hansıdır - Araqats. Bu, Ermənistan Respublikasına inkişaf imkanı verəcək siyasətdir. Ermənistanın ən hündür dağı Araqatsdır və bu faktdır”.
Beləliklə, Ermənistan Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından vaz keçir. Hazırda müxalifət buna etiraz etsə də, Ermənistan hakimiyyəti mövqeyində qətiyyətli olduğunu bildirir. Erməni politoloq Suren Surenyan qeyd edir ki, müxalifətin mövqeyi cəmiyyətdə dəstəklənmir və bu fonda hakimiyyət istədiyi siyasəti həyata keçirəcək. Burada qazanan əsas tərəf isə Azərbaycan olacaq: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma biz Qarabağın siyasi və ya inzibati-ərazi subyektivliyi baxımından heç nə almırıq. Azərbaycan Qarabağla bağlı heç bir öhdəlik götürmədən 86,6 min kvadratkilomtr ərazisini tanıtdıra bilib. Bu, müharibədən sonra Bakının növbəti qələbəsidir və Paşinyan Əliyevin gündəliyinə xidmət edir”. Onun sözlərinə görə, Paşinyanın bəhs etdiyi Qarabağdakı erməni əhalisi ilə bağlı “beynəlxlq mexanizmlərin” yaradılması məsələsi gözəl “sousdan” başqa bir şey deyil: Azərbaycan hazırda Qarabağdakı ermənilərin reinteqrasiyası ilə məşğuldur və heç bir beynəlxalq aktor buna qarşı çıxmır. O zaman hansı “beynəlxalq mexanizmlərdən” danışa bilərik? Bu göz qabağındadır”. S.Surenyan qeyd edib ki, rəsmi Bakı bütün mərkəzlərlə səmərəli işləyir: “Moskvada nəqliyyat məsələlərini həll etməyə çalışır. Mayın 25-də keçiriləcək üçtərəfli görüş buna hesablanıb. İstisna deyil ki, Azərbaycana Ermənistan ərazisindən sadələşdirilmiş rejimdə gediş-gəliş imkanı yaradılacaq. Bütün bunların fonunda da artıq Qarabağın subyektivliyi məsələsi gündəmdən çıxıb”.
Samirə SƏFƏROVA