Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır və başçılıq etdiyi hökumət bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir:
“Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş ətrafında intensiv danışıqlar gedir və biz ümid edirik ki, mətnlə bağlı tezliklə razılığa gəlib, imzalayacağıq. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü – 29.8 kv.km və 86.6 kv.km qeyd-şərtsiz tanımalı olduğu formulasına meyllənir. Müvafiq olaraq, Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq. Eyni zamanda, mən əminəm ki, Ermənistanın təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Bu asan proses deyil, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur”.
Göründüyü kimi, artıq Paşinyan Azərbaycanın yaratdığı reallıqları qəbul edən kimi danışır. Qarabağın statusu ilə bağlı qeyri-real olan mövzuya ümumiyyətlə yaxın düşmür. Xankəndi ilə Bakı arasında təmasların və oradakı ermənilərin təhlükəsizliyindən söz açır. Azərbaycan oradakı sadə erməni vətəndaşlarının təhlükəsizliyini təmin etməyi öz üzərinə götürdüyünü dəfələrlə bəyan edibsə, Paşinyanın bundan narahat olmasına da ehtiyac yoxdur. Paşinyan həm də Qarabağ erməniləri ilə bağlı aparılan dialoqa beynəlxalq zəmanət verilməsini istəyir. Təbiidir ki, bu xülyadır. Çünki Azərbaycan Qarabağdakı ermənilərlə bağlı məsələni öz daxili işi sayır və buna kiminsə qarışmağa haqqının olmadığını bəyan edir.
Siyasi şərhçi Sahil Kərimli də hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi son bəyanatları Azərbaycanın yaratdığı yeni reallıqların qəbulu kimi qiymətləndirmək olar: “Paşinyan nəhayət başa düşür ki, Ermənistanın gələcəyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Yəni Ermənistan yalnız Azərbaycanla münasibətləri normallaşdıqdan sonra özünü xilas edə bilər. Burada əlbəttə ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyən edilməsi, bölgədə nəqliyyat kommunikasiyaların açılması və digər məsələlərdən gedir. Azərbaycan son 3 ildə bu istiqamətdə israrlı mövqe nümayiş etdirsə də, İrəvan müxtəlif bəhanələrlə qeyri konstruktiv addımlar atırdı. Lakin görünür, İrəvan yolun sonuna yaxınlaşdığını yaxşı anlayır və sülhə gəlməyi düşünür. Əslində Paşinyan hakimiyətinin başqa yolu da yoxdur. Siyasi və hərbi müstəvidə Azərbaycandan müqayisə olunmayacaq dərəcədə zəif olan Ermənistanın xilası yalnız sülh ola bilər. Sülhü isə bölgədə Azərbaycan bərqərar edəcək. Qarabağda yaşayan ermənilərin taleiynə gəldikdə isə, Paşinyan bu konteksdə də mövqeyini bildirib. Ermənistan baş naziri Qarabağ ermənilərinin Bakı ilə dialoq aparmasını, onların hüquq və təhlükəsizlik məsələsini qabardır. Paşinyan biryolluq qəbul etməlidir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və rəsmi Bakı onların təhlükəsizliyinə də, hüquqlarına da təminat verir. O ki qaldı bu prosesdə hansısa beynəlxalq mexanizmlərin tətbiq edilməsinə, düşünürəm ki, buna da ehtiyac yoxdur. Çünki Qarabağ məsələsi Azərbaycanın daxili işidir, bu ərazidə yaşayan ermənilərin taleyi də ölkəmizin qanunları çərçivəsində müəyyən edilir. Burada hansısa xarici vasitəçilərin iştirakına, beynəlxalq mexanizmlərin cəlb edilməsinə lüzum yoxdur”.
Məhəmmədəli QƏRİBLİ