Məlum olduğu kimi, Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə bir sıra məsələlərə toxunulub. O cümlədən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə rolu qeyd edilib.
Ümumən, məktubda Azərbaycanın Avropanın enerji təminatında rolunun qeyd olunması əslində yeni bir şey deyil. O mənada ki, bu, Baydenin bütün məktublarında yer alır. Çünki Azərbaycan doğrudan da Avropanın enerji təminatında böyük rol oynayır. Üstəlik, Azərbaycanın da ixrac bazarları baxımından bunda marağı var. Diqqəti çəkən məqam odur ki, bu məktublarda, çox təəssüflər olsun, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi qeyd edilmir. Azərbaycanın müstəqillik dövründə ən böyük bayramlarından biri bizim ərazi bütövlüyümüzü bərpa etməyimizdir. Xüsusən də ötənilki Praqa görüşündə, sonuncu Brüssel görüşündə Azərbaycanın 86,6 min kvadrat metrlik ərazi bütövlüyü bir fakt kimi etiraf olundu. Çox yaxşı olardı ki, Baydenin məktubunda bu məqam öz əksini tapsın, amma bu belə olmur. Bayden məktublarının heç birində Azərbaycanın ərazi bütövlüyünün bərpasını bir uğur, nailiyyət kimi qeyd etməyib. Niyə?
“Bayden erməni lobbisinin maraqlarından çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü görməzdən gəlir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bunu bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun əsası Ulu Öndər tərəfindən qoyulub. Bu, layihələrin geopolitik təsnifat daşıdığı ilk günlərdən bəlli idi. Qərb Xəzərin enerji resurslarının Avropa bazarlarına daşınmasını təmin edəcək neft və qaz kəmərlərinə məhz onların geopolitik səciyyə daşımasına görə əhəmiyyət verirdi. Əsas məqsəd bu kəmərlərin Rusiya ərazisindən yan keçməklə Avropa məkanına çıxışını təmin etmək idi. Bütün bunların fonunda Qarabağ münaqişəsinin region üçün yaratmış olduğu geosiyasi gerçəkliklərdən Qərb məharətlə istifadə edib. Region dövlətləri ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı Azərbaycanın milli, təhlükəsizlik maraqlarına cavab verməsi ilə bağlı amillərdən çıxış edərək, Qərbin təzyiq və təhdidlərinə baxmayaraq, Azərbaycan iqtidarı bəlli dövlətlərin də neft və qaz şirkətlərinin məlum layihələrdə yer almasına nail oldu. Bununla da rəsmi Bakı region və qlobal güclərə verdiyi ismarıclarında neft və qaz siyasətinin də onun üçün geopolitik səciyyədən daha çox, iqtisadi əhəmiyyət kəsb etməsi ilə bağlı məqamları qabartdı”.
E.Manafov hesab edir ki, Azərbaycan ABŞ-a Rusiya ilə bağlı enerji layihələrinin həyata keçirilməsində Avropanın enerji təhlükəsizlyində yer almış tərəf kimi lazımdır: “Qərbin Ukrayna adlı geopolitik səciyyə daşıyan layihəsində gözləntiləri özünü dogruldacağı halda Gürcüstan və Ermənistanın ardınca Azərbaycanın da Qərbin tam mənada nüfuz dairəsinə düşməsi üçün sonrakı addımlar atılacaq. Hələlik Qərb, bütün cəhdlərinə baxmayaraq, Cənubi Qafqazı tam mənada öz təsir dairəsinə sala bilməyib. Bunun isə səbəbləri bəllidir. Birincisi, Putinin başçılıq etdiyi Rusiyanın özünün geopolitik müttəfiqləri ilə ABŞ-ın yeni dünya nizamı ilə bağlı siyasətinə alternativ baxış və addımları. İkincisi, Rusiya Gürcüstan, habelə Azərbaycan-Ermənistan müharibəsinin bölgə və ətrafında yaratdığı yeni geosiyasi gerçəkliklər. Üçüncüsü, region dövlətlərinin (Rusiya, Turkiyə, İran, habelə Azərbaycan) regionun təhlükəsizliyi, tərəqqi və inkişafi, bölgədə infrastruktur, enerji və digər sahələrdə olan və dərinləşməkdə olan əməkdaşlıq. Nəhayət, Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanın müstəqil siyasəti Qərbdəki bəlli dairələri tam qane etmir. Məhz bu amillərə görə rəsmi Bakıya münasibətdə Qərb hələ də ikili standartlardan çıxış edir. Bayden erməni lobbisinin maraqlarından çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü görməzdən gəlir. Bununla bağlı konkret mövqe ortaya qoymur. Birləşmiş Ştatların bizdəki səfiri Şuşaya getmir. Bütün bunlar onu göstərir ki, ABŞ ərazi bütövlüyü məsələsində ikili standartlardan çıxış edir”.
Vidadi ORDAHALLI