İlham Əliyev Qoşulmama ölkələrinə daha bir ümumi hədəf göstərdi - aramızdakı problemlərin həlli...

Məhərrəm Zülfüqarlı: “Bir sıra müzakirələr təşkil etməklə üzv dövlətlər arasında mübahisəli məsələləri həll etmək olar”

img

“Bəzi üzvlər arasında müəyyən problemlər var”. Bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

Ölkə başçısının sözlərinə görə, Qoşulmama Hərəkatı problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər: “Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq”.

Görünən odur ki, Prezident üzv ölkələr arasında mövcud olan bəzi problemlərin həllində Qoşulmama Hərəkatının vacib rol oynaya biləcəyini gündəmə gətirdi. O baxımdan bu təşəbbüsü ekspertlər necə dəyərləndirir?

  • “Bu baxımdan Hərəkatın bəşəriyyət üçün böyük xidməti ola bilər”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, ölkə başçısınin bununla bağlı təşəbbüsü reallığa əsaslanır: “Prezidentin bu təşəbbüsü təqdirəlayiqdir. Ona görə ki, dünyada daim iki qütb olub. Əvvəl SSRİ-nin yaratdığı Varşava hərbi bloku və Qərbin yaratdığı NATO bloku var idi. Varşava bloku dağılandan sonra Rusiyanın patronu olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yarandı. Bütün bunlar o deməkdir ki, belə olan halda üçüncü qüvvələrə, yəni neytral dövlətlərin birliyinə ehtiyac var. Bu da Qoşulmama Hərəkatı dövlətləri birliyidir. Qoşulmama Hərəkatı dövlətləri dünyada balansın təmin olunmasında tənzimləyici, vasitəçi rol oynaya bilər. Bu baxımdan Hərəkatın bəşəriyyət üçün böyük xidməti ola bilər. Məsələn, Qoşulmama Hərəkatı 44 günlük Vətən müharibəsi zamanı BMT-də Azərbaycana qarşı hazırlanan təxribatın qarşısının alınmasında mühüm rol oynadı. Bu, Azərbaycanın Qoşulmama Hərəkatında olan böyük nüfuzunun nəticəsi idi. O da məlumdur ki, Qoşulmama Hərəkatında təmsil olan müəyyən dövlətlərin öz aralarında bəzi problemlər var. Bu, müxtəlif tarixi və digər məsələlərdən qaynaqlanır. Regional rəqabət də bunda müəyyən rol oynayır. Bütün bunlar istər-istəməz həmin dövlətlər arasında münasibətlərə mənfi təsir edir. Hesab edirəm ki, Qoşulmama Hərəkatı çərçivəsində bir sıra müzakirələr təşkil etməklə üzv dövlətlər arasında mübahisəli məsələləri həll etmək olar. Çünki istənilən problemin həlli tərəflər arasında dialoqdan keçir. Mübahisəli məsələlərin həlli Qoşulmama Hərəkatının daha da güclənməsinə öz təsirini göstərəcək”.

Bu baxımdan professor məlum təşəbbüsün faydalı nəticələr verəcəyi qənaətindədir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər