Azərbaycan Xəzər fəlakətini dünya gündəminə daşıdı

img

“Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik”. Bunu Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Bununla yanaşı, prezident Azərbaycanın Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib: “Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”. Ekspertlər qeyd edir ki, Prezident İlham Əliyevin Aşqabadda Xəzərin ekoloji problemlərinə xüsusən də dənizin su səviyyəsinin azalmasına xüsusi diqqət çəkməsi təsadüfi xarakter daşımır. Çünki dənizdə su səviyyəsinin azalması kritik xarakter alır və bununla bağlı qabaqlayıcı tədbirlər görülməsə vəziyyət fəlakət həddinə çata bilər. Burada nəzərə alınmalıdır ki, Xəzər unikal quruluşa malikdir. Xatırladaq ki, Avropa ilə Asiya qitələri arasında yerləşən Xəzər, dünya okeanı ilə birbaşa əlaqəsi olmasa da, böyük ölçülərinə və dib qabığının quruluşunun okean tipinə görə dəniz adlandırılan göldür. Dünyadakı göl sularının 40 faizdən böyük hissəsi Xəzərdə cəmləşib. Xəzərin dərinliyi onun müxtəlf hissələrində fərqlidir. Şimali Xəzərdə orta dərinlik 5 metr olduğu halda, cənuba doğru getdikcə dərinlik artır və 1025 metrə çatır. Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından, Xəzərin səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzun müddət üçün proqnozlaşdırmağa imkan verən etibarlı metodlar mövcud deyil.

Bu şəraitdə qlobal iqlim dəyişmələrinin Xəzərə mənfi təsirləri son dövrlərdə yenidən özünü qabarıq formada büruzə verməyə başlayıb. Qeyd edək ki, ötən il  almaniyalı və hollandiyalı tədqiqatçıların “Nature Communications Earth & Environment” jurnalında yayımlanan araşdırmasında da bildirilib ki, Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək: “Bu da öz növbəsində bir sıra problemlərə, o cümlədən ekoloji fəsadlara səbəb olacaq, eyni zamanda, regionun iqtisadi və siyasi stabilliyinə təsir edəcək. Yaxın onilliklərdə azalma sürətlənəcək, 2100-cü ilə qədər Xəzərin səviyyəsi 9-18 metr enəcək və onun hövzəsinin sahəsi də 23-34 faiz azalacaq. Müqayisə üçün bildirək ki, Şimal dənizinin səviyyəsi iki-üç metr aşağı düşərsə, Rotterdam, Hamburq və London kimi limanlara giriş çətin olacaq. Balıqçılıq və yükdaşıma gəmilərinə problem yaranacaq, regiondakı bütün ölkələr böyük çətinliklərlə üzləşəcək. Burda biz, ən yaxşı halda, ən azı 9 metr enmədən danışırıq. Ən pis halda isə dənizin səviyyəsi 18 metr enəcək və Xəzər dənizi sahəsinin üçdə birindən çoxunu itirəcək. Xəzər dənizi kimi su hövzələrinin səviyyəsi bir tərəfdən yağış və axıntı, digər tərəfdən isə göl səthindəki buxarlanma arasındakı həssas tarazlıqla müəyyən edilir. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsini buxarlanmanın artması və qışda dəniz buzunun yoxa çıxması ilə izah edirlər. Bu proses Aralıq dənizi-Orta Asiya regionunda quraqlığın artması ilə əlaqələndirilir”. Tədqiqat işinin müəllifləri suyun səviyyəsinin aşağı enməsi nəticəsində kəskinləşəcək problemləri də müəyyənləşdiriblər: “Bu, Xəzərin özünəməxsus ekosisteminə, köçəri quşlar, beluqa və Xəzərin şimalındakı buz üzərində yaşayan endemik Xəzər suitilərinə təsir edəcək”. Aparılan araşdırmalara əsasən, Xəzərin temperaturu son 15 ildə 1,2 dərəcədə artıb. Suyun temperaturunun yüksəlməsi Xəzərin bioresurslarına təsir göstərir. Ümumiyyətlə, səviyyənin tərəddüdünə müxtəlif amillər təsir edir ki, burada əsas yeri iqlim dəyişmələri tutur. Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən də gələcəkdə səviyyənin müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır. Dənizin səviyyəsinin enməsi ilə bağlı problemlər bütün sahilyanı ölkələrdə, xüsusən də İranda özünü kəskin göstərir. Xəzərdə suyun səviyyəsinin kəskin şəkildə enməsi nəticəsində Azərbaycanda Dənizkənarı Milli Parkda sahil boyunca daş və torpaq qatın üzə çıxması müşahidə olunur. Xəzərin suyunun azalması dənizdəki adaların da ərazisini genişləndirib. O da xüsusi diqqət cəlb edən məqamdır ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilə ona tökülən çayların da həcmi azalır. Tullantı suları da ciddi problem mənbəyidir. Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Mahaçqala, Həştərxan, Bakı, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir. Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması ilə də bağlıdır. Azərbaycan məhz Aşqabad sammitində bunları gündəmə gətirərək, indidən Xəzərin ekoloji problemlərinin həlli üçün müvafiq addımların atılmasını istəyir. Əks halda çox gec olacaq və bundan hamı zərər görəcək.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər