Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib:
"Bu gün bizim informasiya təhlükəsizliyi sahəsində imzaladığımız saziş təkcə KİV-in fəaliyyətini deyil, həm də kiberməkanı hərbi məqsədlərlə istifadə etmək cəhdləri ilə bağlı problemləri əhatə edir. Bu məsələlər artıq uzun müddətdir ki, BMT-də müzakirə olunur. Rusiya bu müzakirələrin təşəbbüsçüsü olub. KİV-ə gəldikdə isə, biz başa düşürük ki, bu və ya digər qərar hansı səbəblərdən qəbul olunur. Biz, ilk növbədə, aparıcı KİV rəhbərləri ilə tədbirlər silsiləsi keçirəcək və müvafiq qanunlara əsaslanaraq bir-birimizin ərazilərində bu və ya digər hadisələri necə işıqlandırdığımız barədə müzakirələr aparacağıq. Razılıq əldə olunub ki, bu cür iş XİN informasiya xidmətlərinin himayəsi altında aparılsın".
Ceyhun Bayramov öz növbəsində deyib ki, müvafiq strukturlar arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir:
"Sirr deyil ki, son aylarda bir sıra problemli məsələlər olub. Azərbaycanın bir neçə media resursu Rusiyada bağlanıb, bu ayın əvvəlində "RİA Novosti" dövlət informasiya agentliyi Azərbaycanda bloklanıb".
O əlavə edib ki, əsas vurğu tərəfləri bu cür halların qarşısını almağa stimullaşdıracaq mexanizmlərin hazırlamasına yönəlib.
Belə bir sazişin imzalanması Rusiya KİV-indən Azərbaycanın ünvanına hədyanlar yağdıran Zatulin, Solovyov, Popov, Muqranyan kimi şəxslərin çıxışlarında bəzi korrektələrə səbəb ola biləcəkmi?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sazişin imzalanması hər iki dövlətin üzərinə əlavə vəzifə və öhdəliklər qoyur: “Bunların da çərçivəsində dövlətlərin gərəkli addımlar atması şərtdir. Bu baxımdan da, Rusiya dövlətinin Azərbaycana qarşı informasiya siyasətində qeyri korrekt davrananlarla bağlı tədbir görməsi vəzifəsi yaranır. Adıçəkilən şəxslərin anti-Azərbaycan kampaniyalarında əsassız ittihamlarla çıxış etməsinin qarşısını almaq artıq Rusiyanın bir dövlət olaraq vəzifəsinə çevrilir. Lakin biz bir məsələni unutmayaq ki, Rusiya bizim düşündüyümüz səviyyədə demokratik ölkə deyil. Həmin dövlətdə medianın azad olduğu iddia edilsə də, əslinə qalanda bütün KİV-lər dövlət tərəfindən idarə edilir. Yəni dövlətin iradəsi olmadan kimsə həmin ölkədə efirə çıxıb aşağı-yuxarı danışa bilməz. Dövlət icazə verir ki, adıçəkilən şəxslər bizim ünvanımıza hədyanlar yağdırır. Bundan sonra Rusiya üzərinə götürdüyü öhdəliklə bu adamların ağzını yummalı olacaq. Bunu etməsə bu sazişin keçərliliyi şübhə altına alınacaq və Azərbaycan da öz öhdəliklərindən imtina edə biləcək. Rusiya dövləti küncə sıxışdırıldığının fərqinı varmalıdır. Heç olmasa yanındakı qonşu ölkələrlə münasibətləri normallaşdırmağın qayğısına qalmalıdır. Rusiya dövləti istəsə, bu sazişin şərtlərinə tam əməl edə bilər və etməlidir də. İndiki vaxtda Azərbaycanla dinc qonşuluq siyasəti yürütmək Azərbaycanın özündən çox, Rusiyaya hava və su kimi lazımdır. Dünyanın Rusiyanı künçə sıxdığı bir vaxtda bizim ünvanımıza Moskvadan yad səslər gəlməməlidir. Bunun ziyanı bizdən çox Rusyaya dəyə bilər”.
Məhəmmədəli QƏRİBLİ