Rusiya sülhməramlılarının müvəqqəti cavabdehliyi zonasında yerləşən Xankəndi şəhərində əsl mənzil satışı bumu yaşanır. Bu barədə erməni mediasının yaydığı məlumatdlarda deyilir: “Mənzil satışı bumu əhalinin kütləvi köçünün göstəricisidir. Rusiya sülhməramlılarının gec-tez bu əraziləri tərk edəcəyini anlayan ermənilər mənzillərini tələsik satışa çıxarırlar. Bunu görmək üçün belə elanlarla zəngin olan erməni saytlarına nəzər salmaq kifayətdir”.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Xankəndinin erməni əhalisi arasında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin şəhərə girməsi ilə bağlı məlumat yayılmışdı. Həmin məlumat da sosial şəbəkələrdə geniş əks-səda doğurdu.
Şəhəri tərk etmək qərarına gələn yüzlərlə Qarabağ ermənisi arasında dolaşan şayiələrə əsasən, Şuşa şəhəri yaxınlığında baş vermiş atışmanın separatçı administrasiyanın bir hissəsinin Azərbaycanın qanuni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirməsi ilə nəticələndiyi xəbəri yayılıb. Lakin separatçı administrasiyanın nümayəndəsi Hunan Tadevosyan əhalini sakitləşdirməyə tələsib və onları yeni həyata – Şuşa və Xankəndi ətrafında tez-tez atışmalara alışmağa çağırıb.
Tadevosyan deyib ki, Xankəndidə kiçik bir polis qrupunun zabitləri gecə-gündüz növbədədir. Ancaq erməni mətbuatının yazdığına görə, Tadevosyanın çıxışı şəhər əhalisini daha da təşvişə salıb. Sosial şəbəkələrdə bir neçə gündür şəhərə daxil olan Azərbaycan Ordusunun bölmələri haqqında məlumat verirlər.
Ermənilərin sürətlə Xankəndini tərk etməsinin başlıca səbəbi nə ilə bağlıdır?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın xarici himayədarlarına uyan Paşinyan hakimiyyəti ölkəsinin xilas qapılarını qapatmaqda israrlı mövqe tutur: “ Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa cəhd etmək əvəzinə Ermənistanı daha dərin sosial-iqtisadi böhrana sürükləyən addımlar atır. Azərbaycanla sərhəd bölgəsində hərbi təxribatlar törətməklə, Ermənistanın onsuz da olmayan dövlət büdcəsini boşaldır. Üstəlik, Paşinyan hakimiyyəti bu hərbi təxribatlarla yalnız dövlət büdcəsini deyil, həm də elə Ermənistanı boşaldır. Məsələ ondadır ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, ermənilər bu ölkənin perspektivlərinə ciddi şübhə ilə yanaşırlar. Ona görə də, Ermənistandan mühacirət edənlərin sayı yenidən sürətlə artmağa başlayıb. Rəsmi statistikaya görə, bu ilin əvvəlindən Ermənistanı tərk edənlərlə ölkəyə qayıdanlar arasında nə az, nə çox, 30 min nəfər fərq var. Təbii ki, bu rəqəm 2,5 milyona yaxın əhalisi olan Ermənistan üçün fəlakətin önəmli əlaməti sayıla bilər. Çünki bu, Ermənistanın sürətlə boşalma mərhələsinə girdiyini təsdiqləyir”.
Politoloqun sözlərinə görə, son vaxtlar Ermənistanın Qarabağ ermənilərinə maliyyə dəstəyi verə bildiyini iddia etmək bir qədər çətindir: “Çünki rəsmi İrəvanın Qarabağ separatçılarına ayırdığı maliyyə vəsaitinin həcminin bu il ciddi şəkildə aşağı düşdüyü bildirilir. Nəticədə Qarabağ erməniləri arasında da aclıq-səfalət dalğası genişlənməyə başlayıb. Yəni hazırda Paşinyan hakimiyyəti Ermənistan əhalisini yedirdə bilmir. Ermənistandan əvvəlki illərdə olduğu kimi geniş maliyyə dəstəyi ala bilməyən separatçı Araik Arutyunyan da Qarabağ ermənilərinin gündəlik dolanışıq tələbatı qarşısında acız qalıb. Ona görə də, hazırda Ermənistanı bürüyən “böyük köç” Qarabağ ermənilərinə də aiddir. Hətta bu reallığı Qarabağdakı erməni separatçıların təmsilçisi David Babayan Rusiya mətbuatına açıqlamasında etiraf etməli olub. O vurğulayıb ki, hazırda ermənilər ən xırda imkandan yararlanaraq Qarabağı tərk edir: “Bəli, bu doğrudur. Qarabağda kütləvi köç artıq başlayıb. Çünki Ermənistan bizə yaxşı dəstək verə bilmir. Ya da sadəcə dəstək vermək istəmirlər”. Reallıq budur ki, Xankəndi və ətrafda yaşayan ermənilər, xüsusilə gənc nəsil sürətlə Qarabağı tərk edir və gedənlərin də əksəriyyəti Rusiyaya üz tutur.
Məhəmmədəli QƏRİBLİ