İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Bu barədə XİN məlumat yayıb. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb. Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.
Göründüyü kimi, Azərbaycan konkret faktlara əsaslanaraq İrana nota təqdim edib. Ancaq hələ də İran rəsmi dairələri bu məsləyə münasibət açıqlamayıb. Onların reaksiyasının gecikməsi nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xankəndi, Ermənistan istiqamətində İran maşınlarını görmək adi hala çevrilib: “Etiraf etməliyik ki, İran tərəfin Azərbaycana münasibəti hələ tam dəqiqləşməyib. Yetərli səmimiyyət hiss olunmur. Biz Ermənistana edilən yardımın şahidiyik. Bir müddət əvvəl İranın Ermənistandakı səfirinin Göyçədə zühur etməsi ciddi mətləblərdən xəbər verir. Səfirin sərhəddə nə işi var? Durbinlə Kəlbəcər bölgəsini müşahidə etdi. Bununla bağlı raportunu Tehrana göndərməmiş deyil. Onlar yaxşı bilirlər ki, ermənilər Azərbaycan ərazilərinin bir qismini hələ də işğal altında saxlayır. İran tərəfi müəyyən məlumatları toplayır. Çox güman ki, Ermənistan kömək üçün İrana da yalvarır. Süni peyklərimiz Ermənistana daim yardım daşıyan İran maşınlarını çəkib. Hətta Prezident də çıxışında dedi ki, nömrələri dəyişib Qarabağa keçirlər. Artıq o qədər arxayınlaşıblar ki, indi nömrələri də dəyişmirlər. İran bayralarını taxıb, açıq-aşkar Qarabağa yardım daşıyırlar. Mən hesab edirəm ki, nota yerində verilib. Hətta bir qədər də sərt verilməliydi. Sizin inandırım ki, onların Türkiyədən çəkinəcəyi olmasa, açıq silahlı yardım da edib, ermənilər tərəfdən bizə qarşı vuruşarlar. Bütün bu addımlar Azərbaycan dövlətinin dayaqlarının laxladılmasına yönəlib. Onların qabağından çox qaçmaq lazım deyil. Bizim də onlara təsir rıçaqlarımız var. Yeri gəlsə, İrana yönəlik azərbaycan dilində verilişlərimizi gücləndirməliyik. Orda yaşayan soydaşlarımızın siyasi maariflənməsində bu ciddi əhəmiyyətə malik olacaq. Biz heç vaxt ərazimizdən İranın düşmənlərinə Tehrana qarşı fəaliyyət üçün istifadəyə icazə vermədik. İran isə bizə heç bir müsəlman ölkəsinə yaraşmayan hərəkətləri edir, daha doğrusu zərbə vurur. Yeri gəlsə, İranın bu əməllərilə bağlı BMT-yə və başqa qurumlara şikayətlər etməliyik. İranın rəsmi reaksiyasının gecikməsi isə təbiidir. Çünki əldə olan faktları təkzib etmək gücündə deyillər”.
Məhəmmədəli QƏRİBLİ