Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd edilir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb: "Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.
Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır. Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır".
Azərbaycan Müdafiə Nazirliyinin məhz Rusiya sülhməramlı kontingentinə xəbərdarlıq etməsi nədən xəbər verir?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Azərbaycanın səbr kasasının daşmasından qaynaqlanır: “Azərbaycanın xarici siyasət kursuna fikir versəniz görərsiniz ki, biz hər zaman qonşularımızla münasibətlərin yaxşı olmasında maraqlıyıq. Bunu İrana və Rusiyaya münasibətdə daima sərgiləmişik. Ancaq nə baş verir? Son bir ayda Azərbaycan XİN həm Rusiyaya, həm də İrana etiraz notası təqdim edib. Bütün bunların başlıca səbəbi Qarabağdakı vəziyyətdən qaynaqlanır. Juirinovskinin Azərbaycan xalqını təhqir etməsinin kökündə də həmin amil durur. Artıq sülməramlıların Qarabağa yerləşməsindən 9 ay keçir. Bu az müddət deyil. Bu müddət ərzində biz onlar tərəfindən missiyalarının mahiyyətinə uyğun olmayan fəaliyyəti görürük. Laçın koridorundan nəyi və kimi istəyirlər buraxırlar. Erməni silahlı birləşmələrinin qalıqlarını tərksilah etmirlər. Sanki revanşıstlərə motivasiya verməklə məşğuldurlar. Rusiya prezidentinin özünün imzası ilə təsdilənən üçtərəfli sənəddə deyilir ki, bütün erməni silahlı birləşmələri Qarabağı tərk etməlidir. Biz isə, nəinki buna əməl olunduğunu, əksinə, sülhməramlıların dəstəyilə ermənilərin özlərinə yeni hərbi postlar qurduqlarını görürük. Bütün bu addımlar ermənilərin yenidən müharibəyə hazırlaşdığından xəbər verir. Sülhməramlıların bütün bunlardan məmnun qalmaları isə onu deməyə əsas verir ki, həmin kontingent gərginliyin hökm sürməsində maraqlıdır. Bununla regionda daha da möhkəmlənmək, qalacaqları müddəti uzatmaq istəyirlər. Azərbaycanın etdiyi bu xəbərdarlıq tam yerində və obyektivdir. Görün vəziyyət nə yerə çatıb ki, Ermənistanın yeni müdafiə naziri Qarabağdakı əsgərlərinə komanda verir. Sülhməramlılar edilən xəbərdarlıqdan ciddi nəticə çıxarmalı və öz missiyalarına uyğun davranışlar ortaya qoymalıdır. Əks təqdirdə biz vəziyyətin yenidən nəzarətdən çıxdığını görərik”.
Məhəmmədəli QƏRİBLİ