Rusiya müdafiə naziri Sergey Şoyqu Arşak Karapetyanla Moskvada görüşərkən deyib ki, Ermənistan Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsində Moskvanın müttəfiqi və əsas tərəfdaşıdır: “Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın vacib müttəfiqidir və biz bu regionda sabitliyin qorununmasında olduqca maraqlıyıq”.
Şoyqunun fikrincə, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası yaxşı təchiz olunub və respublikanın təhlükəsizlik qarantı sayılır. O, həmçinin qeyd edib ki, Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi prosesinə töhfə verməyə hazırdır: “Biz həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Eyni zamanda, Silahlı Qüvvələrinizin islahat proqramının həyata keçirilməsinə kömək etməyə hazırıq”.
Şoyqunun sözügedən görüşdə bu dərəcədə ifrata varması təəccüb doğurur. Ən azından ona görə ki, son üç ildə Ermənistan hakimiyyətinin anti-Rusiya fəaliyyəti ilə bağlı çoxsaylı hadisələr baş verib. Ermənistan necə əsas tərəfdaş ölkədir ki, Rusiyanın moderatoru olduğu 10 noyabr, 11 yanvar razılaşmalarından irəli gələn tələbləri yerinə yetirmək istəmir? Paşinyan Qərbin silahlı qüvvələrini Azərbaycan-Ermənistan sərhədinə gətirmək istəyir və bununla bağlı Rusiyaya yönəlik şantaj xarakterli tezislərlə çıxış edir. O baxımdan Şoyqunun indi belə bir açıqlama ilə çıxış etməsi nə deməkdir?
“Kremlin Qarabağ məsələsində sərgilədiyi mövqe, ATƏT-in Minsk Qrupundan heç nə ilə fərqlənmir”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Şoyqu kimi bir şəxsin belə bir açıqlama ilə çıxış etməsi təsadüfü deyil: “Çünki o, həm Vladimir Putinin çox yaxın dostudur, həm də onun varisi sayılır. Ona görə də çox güman ki, bütün bunlar Putinlə razılaşdırılıb. Şoyqu açıqlamasında belə bir cümlə də işlətdi ki, Rusiya bundan sonra da Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi üçün əlindən gələni edəcək. Bu onu göstərir ki, Rusiya Cənubi Qafqazda yerləşən Ermənistanla münasibətləri yeni geosiyasi reallıqlar çərçivəsində qurmaq istəyir. Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, orada Rusiya hərbi bazası var. Bir növ, Şoyqu bu cür pafoslu fikirlər səsləndirməklə Paşinyanı sərhədə ABŞ ordusunu çağırmaqdan çəkindirir. Sözügedən açıqlama əsasən buna hesablanıb. Çünki reallıq ondan ibarətdir ki, Paşinyan Rusiyanı bununla şantaj edir. Şoyqu həm də bununla mesaj verir ki, Ermənistanda real güc sahibi Rusiyadır. İstər ölkənin siyasətinə, istərsə də iqtisadiyyatına təsir imkanları baxımından Rusiyanın rolu böyükdür. Kremlin Qarabağ məsələsində sərgilədiyi mövqe ATƏT-in Minsk Qrupundan heç nə ilə fərqlənmir. Rusiyanın əsas istəyi odur ki, dəmiryol xətləri açılsın. Çünki Ermənistanla əlaqə qurmaq baxımından bu onlara lazımdır. Unutmaq olmaz ki, Rusiya Ermənistanın tamamilə zəifləməsini istəmir. Ona görə ki, tarixən Ermənistandan alət kimi istifadə edib”.
Politoloq onu da qeyd etdi ki, Ermənistan uğrunda geosiyasi mübarizə davam edəcək.
Vidadi ORDAHALLI