Ermənistan uşaqları hərbi təlimlərə cəlb edir və onları yenidən hərbi əməliyyatlara hazırlayır. Sosial şəbəkələrdəki erməni seqmentlərində, saytlarda uşaqların hərbi təlimlərdə iştirakını əks etdirən fotolar, videolar yayılır.
Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan uşaqları hərbi əməliyyatlara cəlb edirdi. Müharibə dövründə də, bu gün də BMT, UNISEF kimi təşkilatlar Ermənistanın bu hərəkətlərinə göz yumub. Uşaqların hərbi təlimlərə və hərbi əməliyyatlara cəlb və təhrik edilməsi cinayətdir, bunun heç cür bəraəti yoxdur.
Ermənistanın uşaqları hərbi təlimlərə cəlb etməsi prosesini BMT, UNISEF kimi təşkilatlar dayandıra bilərmi, yaxud niyə dayandırmır?
“İnanmıram ki, BMT, UNISEF və başqa beynəlxalq təşkilatlar tərəfindən...”
“Müasir İnkişaf” Birliyinin rəhbəri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, bütün dünya müharibə dövründə Ermənistanın uşaqları müharibəyə cəlb etməsinə yaxından şahid oldu. “Azərbaycan o vaxt da bu məsələni beynəlxalq aləmdə ictimailəşdirdi, amma təəssüf ki, beynəlxalq təşkilatlardan, o cümlədən də UNISEF-dən səs çıxmadı. Uşaq hüquqlarının müdafiəçisi olduğunu bəyan edən beynəlxalq uşaq təşkilatları Ermənistanın bu cinayətinin üstündən sükutla keçdi. Zamanında öz layiqli cəzasını almayan Ermənistan yenidən uşaqlardan istifadə edir, onları hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlayır. Ermənistanda uşaq hüquqları çox kobud şəkildə pozulur, onlar hərbi əməliyyatlara hazlanır, nifrət, aqressiyya, revanşizm ruhunda yetişdirilir. Ermənistanın uşaqları hərbi təlimlərə cəlb etməsi ilə bağlı kifayət qədər faktlar, video, fotogörüntülər olsa da, yenə də uşaq hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar susur. Sözün düzü, inanmıram ki, BMT, UNISEF və başqa beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı hansısa sərt addımlar atılacaq, sanksiyalar, qadağalar tətbiq edəcəklər. Ermənistan, sanki o beynəlxalq təşkilatların “dəcəl uşağı”dır. Bizdə belə təəssürat yaranıb ki, həmin beynəlxalq təşkilatlar daimi olaraq bu dövləti himayə edirlər və onu uşaqlara qarşı yeni cinayətlərə sövq edirlər. Belə rəy yaranıb ki, həmin beynəlxalq qurumlar Ermənistanın uşaqları hərbi təlimlərə cəlb etməsinə bəraət qazandırır”.
M.Göyüşlü hesab edir ki, həmin beynəlxalq təşkilatlar statuslarına uyğun şəkildə fəaliyyət göstərməli və öz prinsiplərinə xəyanət etməməlidirlər, amma onlar öz statuslarının əleyhinə hərəkət edirlər. “Ona görə də, bu beynəlxalq təşkilatlara dünyada inam və etimad zəifləyib. Artıq BMT ilə bağlı çox sərt tənqidlər səslənir, UNISEF-lə bağlı da həmçinin...” –deyə ekspert bildirdi.
İradə SARIYEVA