Siyasi gündəmin ən aktual mövzularından biri, heç şübhəsiz, Müdafiə Nazirliyinin həm Ermənistan, həm də Rusiya sülhməramlı qüvvələrinə ünvanlanmış bəyanatıdır. Bu bəyanatdan belə bəlli olur ki, rus sülhməramlı qüvvələrinin öz vəzifələrinin öhdəsindən gələ bilməməsi səbəbindən Azərbaycan Qarabağda erməni yaraqlılarının məhv edilməsi üçün antiterror əməliyyatlarına start verə bilər.
Sözügedən bəyanatda qeyd olunur ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikası prezidenti, Rusiya Federasiyası prezidenti və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb: “Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postları qoyması halları müşahidə olunur. Azərbaycan ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır. Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”. Müdafiə Nazirliyinin bəyanatından Azərbaycanın yeni mühüm addımlara hazırlaşdığı bəll olur. Əvvəla, Azərbaycan ilk dəfə rəsmən 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilmədiyini, yəni erməni qoşunların Qarabağdan çıxarılmadığını açıq şəkildə bəyan etdi. Bununla Bakı həm Moskva, həm də İrəvandan üçtərəfli razılaşmanın 4-cü bəndinin icrasını tələb edir. İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində missiyasına adekvat fəaliyyət göstərmədiyini Kremlin bilavasitə diqqətinə çatdırır. Ən əsası, ekspertlərin fikrincə, bu bəyanat yeni antiterror əməliyyatının anonsu hesab oluna bilər. Rusiyalı hərbi ekspert Oleq Kuznetsov məsələ ilə bağlı bildirir: “Ermənistan Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarına öz hərbçilərini göndərir. Mən bir aydır deyirəm ki, Azərbaycana qarşı müharibə və Qarabağdan imtina etməmək prinsipləri Ermənistan üçün Konstitusiya vəzifəsidir. Buna görə də erməni siyasətçilərin və hərbçilərin bu vəzifəni icra etməyəcəyinə ümid etmək sədalövhlük olardı. Onlar öz ölkələrinin qanunları çərçivəsində ciddi fəaliyyət göstərirlər, Rusiya sülhməramlıları isə bu işdə onlara de-fakto kömək edir. Buna görə də Ermənistan tərəfinin təşəbbüsü ilə Qarabağda hər hansı hərbi-siyasi gərginləşmə yaradılacağına Azərbaycan ordusu hazır olmalıdır”. Onun sözlərinə görə, əlbəttə ki, heç bir genişmiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz, amma Ermənistanın taktiki qruplarının kifayət qədər böyük silahlı təxribatına hazır olmaq lazımdır. Hesab edilir ki, ordumuz antiterror əməliyyatlarına elə adıçəkilən Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni qurulan erməni postlarının dağıdılması ilə başlaya bilər.
Burada onu da qeyd edək ki, üçtərəfli bəyanatda erməni separatçıların Qarabağda hər hansı silahlı birləşmə saxlaması nəzərdə tutulmayıb. Bu baxımdan Rusiya sülhməramlı hərbçilərinin müvəqqəti olaraq nəzarəti altına verilən Azərbaycan ərazisində istənilən silahlı birləşmənin mövcudluğu qanuna ziddir. Qanunsuz silahlı qruplaşma olduğundan, Azərbaycanın onları tərksilah etmək hüququ var. Digər tərəfdən, sülhməramlılar mandatına uyğun olmayan fəaliyyətlə Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatı dəstəkləmiş olur. Elə Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə sərhəddəki vəziyyətdən danışarkən “səbrimiz sonsuz deyil, biz güc tətbiq edəcəyik” deməsi də bu tip fəaliyyətin nəticəsi sayıla bilər. Amma ermənilər bilməlidir ki, “dəmir yumruq” yerindədir və bu dəfə nəticələr ermənilər üçün daha ağır olacaq.
Samirə SƏFƏROVA