Məlum olduğu kimi, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan avqustun 7-də polkovnik Aleksandr Tsakanyanın 3-cü ordu korpusuna komandan təyin edilməsi ilə bağlı keçirilən tədbirdə “Azərbaycanın Ermənistan sərhədini keçmək cəhdlərinin qarşısının alınmasını” əmr edib. Qeyd edib ki, ərazimizə nüfuz etməyə çalışsalar, hamınıza düşmənin uğur qazanmaması üçün bütün vasitələrdən istifadə etməyi əmr edirəm.
Erməni müdafiə nazirinin güc tətbiq ediləcəyi ilə bağlı məlum sərsəmləməsi isə elə Ermənistanda gülüşlə qarşılanıb. Sözügedən məsələyə münasibət bildirən “Respublika” partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov yerli mediaya açıqlamasında qeyd edib ki, ölkənin suverenliyinə və təhlükəsizliyinə xələl gətirən qüvvə utanmadan suverenlikdən danışır: “Yeni müharibə, yeni ərazilər” dediniz. Nəticədə Qarabağ düşmənə qayıtdı. Bəyan etdiniz ki, Qarabağın səması qorunur. Nə gördük? Havadan bomba dolu kimi yağdı. Təslim olmağın simvolu belə oldu: “Danışıqlara öz nöqteyi-nəzərimdən başlayıram”. Nəticədə nə oldu? Türk Şuşaya qədər çatdı. O (Nikol Paşinyan) dedi ki, nə etmək olar, mən də danışıqlar aparacağam. Nəticə: 10 noyabr və 11 yanvar tarixlərində düşmən qarşısında təslimçiliyə imza atdı”.
Görünən odur ki, Ermənistanın yeni müdafiə nazirinin məlum açıqlamaları ölkədə ironiya ilə qarşılanır.
“Bunlarla ancaq zor dilində danışmaq lazımdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Arşak Karapetyanın “hədələri” reallığa söykənmədiyi üçün bu cür gülüş obyektinə çevrilir: “Bilirsiniz, “İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuduram! Soruşurlar, bəs quyruğun niyə əsir? Deyir: özüm də qorxuram”. Karapetyanın məlum açıqlamaları buna bənzəyir. Bir tərəfdən bizi qorxutmaq istəyir, o biri tərəfdən özləri qorxur. Ona görə də onun son açıqlaması cəmiyyətdə ironiya ilə qarşılanır, lağ obyektinə çevrilir. Karapetyanın məlum açıqlaması daxili auditoriyaya hesablansa da, reallığa uyğun olmadığı üçün qeyri-ciddi qəbul olunur. Çünki məzmunla forma uzlaşmır. Ermənistan 44 günlük müharibə zamanı biabırçı məğlubiyyətə uğrayıb. Rusiyanın müdaxiləsi sayəsində bəzi ərazilər onların və rusların nəzarətində qaldı. Ancaq məsələ ondadır ki, hərtərəfli mühasirədədirlər. Əvvəlki imkanlar əllərindən çıxıb. Belə olan halda hansı cəsarətlə bizi hədələyirlər? Ötən müddət ərzində ermənilərin şikayət etmədiyi, yalvarmadığı yer qalmayıb. Ancaq bunların heç bir mənası yoxdur. Bütün bunlara rəğmən, nə Paşinyana, nə də digər erməni liderlərinə inanmaq olmaz. Bunlarla ancaq zor dilində danışmaq lazımdır. Biz dövlət, millət olaraq ordumuzun arxasında durmalıyıq. Erməniləri zor gücü ilə güzəştə getməyə məcbur etməliyik”.
Partiya sədri hesab edir ki, yenidən “Dəmir yumruq” işə salınmalıdır.
Vidadi ORDAHALLI