UNICEF Azərbaycana yeni nümayəndə təyin edib. Avqustun 10-da UNICEF-in yeni nümayəndəsi Aleks Haykens xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.
“UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələcəyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm” deyə A.Haykens vurğulayıb.
Qeyd edək ki, UNISEF Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayıb.
Bilirik ki, bu təşkilat müharibə dövründə də, ondan sonra da bütövlükdə indiyə qədər erməni terrorundan əziyyət çəkən, həlak olan Azərbaycan uşaqlarının problemlərini dünyada qaldırmayıb, bunu böyük hesabatlara salmayıb, Ermənistanın Gəncədə, Tərtərdə və Azərbaycanın başqa yerlərində uşaqlara qarşı törətdiyi terror hadisələrinə gözüyumulu qalıb, təbii ki, başdansovdu kiçik bir bəyanatı nəzərə almasaq.
UNISEF-in Azərbaycana təyin etdiyi yeni nümayəndə erməni terrorunun qurbanı olan Azərbaycan uşaqlarının problemlərini dünyaya çatdırmağa, hesabatlara salmağa çalışa bilərmi? Ümumiyyətlə, yeni təyinat münasibətləri dəyişdirmək gücündədirmi? Bu dəyişiklik hansı niyyətləri daşıyır?
Ekspertlər deyir ki, indiyə qədər UNISEF Azərbaycana münasibətdə elə də aktiv olmayıb, bu qurum yalnız və yalnız üstüörtülü bəyanatlar verməklə məşğul olub. Ermənistanın Gəncəyə terror hücumu zamanı yaralanan və həyatını itirən uşaqlarla bağlı qurumun yaydığı başdansovdu bəyanatı xatırladan ekspertlərin sözlərinə görə, həmin gecikmiş bəyanatda hətta hadisənin Ermənistan tərəfindən törədildiyi belə vurğulanmamışdı. Ekspertlər deyir ki, halbuki, 44 günlük müharibədən sonra başlayan qısamüddətli İsrail-Fələstin müharibəsində UNISEF müharibədən zərər çəkmiş uşaqlar haqqında tez-tez bəyanatlar verib, amma Azərbaycan uşaqları ilə bağlı bu mövqeyi göstərməyib.
“Bundan sonra UNISEF-in Azərbaycanla bağlı məsələlərə daha obyektiv münasibət bildirəcəyinə ümid edirəm”
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Bakı-Xəbər”ə bildirdi ki, yalnız UNISEF deyil, əksər beynəlxalq təşkilatlar Azərbaycana qarşı münasibətdə ikili standartlardan çıxış edib.
UNISEF-lə Azərbaycanın uzun müddətdir əməkdaşlıq etdiyini deyən K.Ağazadə qeyd edir ki, UNISEF-in Azərbaycan nümayəndəliyi Ermənistanın Gəncədə törətdiyi terror aktı nəticəsində həlak olan və yaralanan uşaqlarla bağlı bəyanat yayıb. “Bilirsiz ki, beynəlxalq təşkilatlar bəzi ölkələrə münasibətdə özlərini bitərəf kimi göstərməyə çalışırlar, siyasətə qarışmadıqlarını bəyan edirlər. Fikrimcə, bəlkə UNISEF-in Azərbaycana təyin etdiyi yeni nümayəndənin özünün ayrıca siyasəti olacaq, ab-havanı dəyşəcək. İkili yanaşmaya son qoyulacağına ümid edirəm. İndən sonra UNISEF-in Azərbaycanla bağlı məsələlərə daha obyektiv münasibət bildiriləcəyinə ümid edirəm” - deyə bildirən K.Ağazadənin sözlərinə görə, təşkilatın yeni nümayəndəsinin Azərbaycanla bağlı fəaliyyətindən gözləntiləri var.
İradə SARIYEVA