Bəlli olduğu kimi, Azərbaycanda radikal müxalifət düşərgəsi Rusiya və İrana yönəlik tənqidi fikirlər səsləndirməkdə heç nəyi əsirgəmir. Bu dövlətlərdə Azərbaycana yönəlik hansısa elementlər özünü göstərdikdə, bunlar üçün bir növ mövzu yaranır.
Günlərlə təsir dairələrində olan sosial şəbəkələrdə və digər internet resurslarında müzakirələr aparır, yeri gəldi-gəlmədi ən xırda detala belə siyasi rəng qatırlar. Bir sözlə, tənqidlərin dozasını necə gəldi artırırlar. Hər dəfə də sözügedən fürsətdən istifadə edib Azərbaycan hakimiyyətini həmin ölkələrlə yaxın qonşuluq münasibətləri qurmaqda ittiham edirlər. Əsası oldu-olmadı, hakimiyyətdən sözügedən ölkələrlə bağlı daha sərt addımların atılmasını tələb edirlər.
Ancaq hər məsələdə Rusiya və İranı tənqid edən radikal müxalifət təmsilçiləri, nədənsə, ABŞ və Fransanın Minsk Qrupunun bərpası ilə bağlı davamlı çağırışlarını, Birləşmiş Ştatların Ermənistandakı səfirinin sərhədə səfər etməsini və digər bu kimi məsələlərlə bağlı tənqidi fikirlər səsləndirmirlər. Hansı ki, sözügedən məsələlər heç də digər məsələlərdən az önəm kəsb etmir. Əksinə, daha vacib önəmə malikdir. Xüsusən də “ölü” Minsk Qrupunun yenidən dirçəldilməsi qətiyyən Azərbaycanın maraqlarına cavab vermir. Maraqlıdır, belə olan halda radikal müxalifət ABŞ-ı niyə tənqid etmir?
“Bunlar tarixən antimilli mövqedən çıxış ediblər”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, radikalların ABŞ-ı tənqid etməkdən yayınmaları bir sıra məsələlərdən irəli gəlir: “Çünki radikal müxalifəti himayə edən dairələr daha çox ABŞ-a bağlıdır. Radikal müxalifət də illərdir xaricdəki dairələrin sifarişlərini həyata keçirir. Bax, məsələnin kökündə dayanan məqam bununla bağlıdır. Ona görə də demokratiyadan, insan haqlarından ağızdolusu danışan radikallar ABŞ və Fransanın Minsk Qrupunu diriltmək cəhdlərini görməzdən gəlirlər. Bununla bir daha radikal müxalifət qərəzli və bitərəf münasibətini ortaya qoyur. Əslində isə bunlar ədalətli və obyektiv mövqedən çıxış etsəydilər, istər ABŞ-a, istərsə də Fransaya sərt formada etiraz edərdilər. Çünki ATƏT-in Minsk Qrupunun 30 illik səmərəsiz və nəticəsiz fəaliyyəti ortadadır. Minsk Qrupunun edə bilmədiyini Azərbaycan Ordusu 44 gün ərzində həyata keçirib. Təəssüflər olsun ki, bizdə olan radikal müxalifət ünsürlərinin xisləti budur. Çünki bunlar milli maraqlardan çıxış etmirlər. Bunlar tarixən antimilli mövqedən çıxış ediblər”.
O üzdən V.Rəhimzadə hesab edir ki, radikal müxalifət düzələn deyil.
Vidadi ORDAHALLI