Ermənilərin uzun illər Azərbaycan xalqının başına açdıqları oyunlar indi öz başlarına gəlir. Uzun illər ərzində öz doğma yur-yuvalarından qaçqın saldıqları azərbyacanlılar hazırda işğaldan azad edilən ərazilərə qayıtmağa hazırlaşdığı halda, Ermənistanı qaçqın problemi bürüyüb. Ermənistan paytaxtındakı yataqxanalarda yerləşdirilmiş köçkün erməni ailələri həmin müvəqqəti sığınacaqlarını da itirmək təhlükəsi ilə üzləşiblər.
Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızı könüllü tərk edərək Ermənistan paytaxtındakı yataqxanalarda yerləşdirilmiş erməni ailələri həmin müvəqqəti sığınacaqlarını da itirmək təhlükəsi qarşısında qalıb. Erməni KİV-nin yaydığı məlumata görə, İrəvandakı bir sıra yataqxanalarda məskunlaşmış erməni qaçqınlara avqustun 10-dək otaqları tərk etmək barədə xəbərdarlıq edilib. Buna səbəb həmin yataqxanalara xaricdən, xüsusən Hindistandan gələn tələbələrin yerləşdirilməsidir. Xarici tələbələr yataqxanalarda pul müqabilində qalacaq. İşğal etdikləri Azərbaycan torpaqlarından köçmüş ermənilər Ermənistan hökumətindən xahiş edirlər ki, yeni yaşayış yeri tapınca onlara bir müddət vaxt verilsin: "Bizə 10 gün vaxt vermişdilər. O da sabah bitir. Hindistanlı tələbələr gələcək. Onlar yaxşı pul verirlər. Heç olmasa bizə qaçqın statusu verin ki, mümkün qədər xaricə gedib uşaqlarımızın gələcəyini quraq. Bizim evimiz yoxdur, heç bir şeyimiz yoxdur”.
Ermənistanda qaçqınlarla bağlı yaranan acınacaqlı vəziyyət nədən xəbər verir?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə billdirdi ki, söhbət elə də çox sayda qaçqından getmir: “Münaqişə başlayandan sonra Ermənistan və işğal edilmiş rayonlardan bir milyona yaxın soydaşımız qaçqın düşdü. Azərbaycan çox böyük çətinliklə onları yerləşdirdi. Çadır şəhərciklərindən müasir şəhərciklərə qədər uzun yol qət etdik. Artıq ölkədə qaçqınların mənzil və kommunal problemləri tam həll edilmiş vəziyyətdədir. Azərbaycanda bu məsələ tam həllini tapmış durumdadır. Çünki ərazilərimiz işğaldan azad edilib və həmin şəhərciklərə yerləşdirilmiş qaçqınların böyük əksəriyyəti öz ata-baba yurdlarına qayıtmaqda maraqlıdır. Bu müqayisəni təsadüfən aparmıram. Demək istədiyim odur ki, qaçqınların problemini həll etmək üçün güclü iqtisadiyyat lazımdır. Azərbaycan bütün bunları öz gücünə edib. Çox acınacaqlı və demək olar ki, dilənçi vəziyyətdə yaşayan Ermənistanda bu güc yoxdur. Hətta onlar sayı o qədər də çox olmayan qaçqınları belə məskunlaşdıqları yerlərdən küçəyə atmaq yolunu tuturlar. Fikir verirsinizsə, onlara heç qaçqın statusu da vermirlər. Çünki zorla da olsa, Qarabağda məskunlaşdırmaq istəyirlər. Reallıq hisslərini itirməyən ermənilər isə ora qayıtmaq istəmir. Hətta Xankəndi və ətraf rayonlarda yaşayanlar belə oranı tərk etmək məcburiyyətində qalıb. Görürlər ki, separatçıların bəzi qalıqları onları yenidən bəlaya sürükləyir. Ermənistan hakimiyyəti həmin qaçqınların gedib başqa xarici ölkələrdə məskunlaşmasında maraqlı deyil. Ermənistanın özündə yaşayan köklü əhali belə həmin ölkəni tərk edir. Çünki görürlər ki, Ermənistan hakimiyyəti onlara yaradılan şəraiti, şansı qiymətləndirmək istəmir. Kommunikasiyaların açılması prosesindən yayınır ki, bu da Ermənistanı yenidən iqtisadi blokadada saxlayır. Ölkəni inkişaf etdirmək üçün gərək revanşist hisslərdən əl çəkəsən. Yaranmış yeni reallıqlarla barışasan. Azərbaycan öz ərazisində yaşamış ermənilərə normal yaşayış vəd edir. Yetər ki, onlar bizim qanunlarla yaşamağa, vətəndaşlığımızı qəbul etməyə hazır olduqlarını bəyan etsinlər. Bunu etsələr, onların İrəvanın küçələrində qalmasına və ya başqa xarici ölkəyə üz tutmasına ehtiyac qalmaz”.
Məhəmmədəli QƏRİBLİ