Rus politoloq, “Reqnum” agentliyinin köşə yazarı Stanislav Tarasov deyib ki, Qarabağa San-Marinoya bənzər status veriləcək. Onun fikrincə, bu versiyaya əsasən, bu ərazidə SSRİ-yə bənzəyən birlik formalaşdırılır, bərpa edilir, lakin bu, SSRİ deyil, bunun çərçivəsində Qarabağın statusu xüsusi formada həll ediləcək.
Sözügedən məsələlərlə bağlı S.Tarasov fikirlərini belə əsaslandırıb: “Belə bir versiya var ki, İlham Əliyev və Vladimir Putin arasında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulacağına dair razılaşma var və Paşinyan da bütün bunlardan kənar deyil. Bu versiyaya əsasən, bu ərazidə SSRİ-yə bənzəyən birlik formalaşdırılır, bərpa edilir, lakin bu, SSRİ deyil, bunun çərçivəsində Qarabağın statusu xüsusi formada həll ediləcək. San-Marino statusu kimi”.
Görünən odur ki, Rusiyada hələ də Qarabağı Azərbaycanın özünə qaytarmaq barədə düşünülmür. Müxtəlif uydurma variantlarla bunu əngəlləmək istəyirlər. Dəxli olmayan məsələləri ortaya atırlar. Necə yəni Qarabağa San-Marino kimi status?
“Rusiya çox şey deyə bilər, amma bu o demək deyil ki, Azərbaycan buna gedəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Rusiyanın Qarabağla bağlı planına gəldikdə, hesab edirəm ki, bu mümkün deyil. Çünki ərazi Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Belə bir plana Azərbaycan heç vaxt razılıq verməz. Rusiya çox şey deyə bilər, amma bu o demək deyil ki, Azərbaycan buna gedəcək. Rusiyanın ayrı-ayrı ermenipərəst ekspertləri, təbii ki, İrəvanın maraqlarına uyğun təkliflərlə çıxış edəcəklər. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan Qarabağda etnik ermənilərə status verməyəcək. Çünki bu məsələ qapanıb. 10 noyabr Birgə Bəyannaməsində azərbaycanlıların Xankəndiyə qayıtması yer alıb. Orada hər hansı bir status və ermənilərin özünüidarəetmə bəndi yer almayıb. Bu sənədə Rusiya prezidenti, həmçinin Ermənistan baş naziri imza atıb. Demək burada hər iki ölkə status olmayacağını qəbul edib. Əgər indi durub hər hansı bir idarəetmədən danışırlarsa, demək birgə sənədləri fiaskoya uğrayır. Onda Azərbaycan hərbi vasitəyə əl atmalı və Rusiya hərbçilərinin Qarabağdan çıxarılmasını tələb etməlidir. Hazırda proses dayanıb. Moskva və İrəvan nəsə etmək istəyərsə Azərbaycan və Türkiyə buna imkan verməz”.
Politoloq güman edir ki, Azərbaycan bu məsələdə daha qətiyyətli mövqe sərgiləyəcək.
Vidadi ORDAHALLI