Son günlər Xankəndidə içməli su ilə bağlı ciddi problem yaranıb. Qondarma “meriya”dan verilən məlumata görə, buna səbəb kəskin istilər səbəbindən şəhəri su ilə təmin edən çayların qurumasıdır.
Xankəndinəki qondarma erməni “meriya”sının “Facebook” səhifəsində son günlər şəhərin içməli su təchizatında yaranmış ciddi problemlərə etirazını bildirən Xankəndi sakini Svetlana Akopyan rus dilində bunları yazıb: “İnşallah, bir də eşidəcəyik ki, Azərbaycan Prezidenti Xankəndinin su təchizatı sisteminin yenidən qurulması haqqında sərəncam verib və “Azərsu” şəhərə yeni su kəmərlərinin çəkilişinə başlayıb... Burada yaşamaq üçün heç bir şərait yoxdur. Və hələ köçüb gedənləri qınayırsınız?! Düz edirlər gedirlər! Qarabağda axmaq kimi sürünməyə məcbursan, bu yaşamaq deyil. Həmişə gah su, gah işıq, gah da qaz olmur. Və siz insanları belə bir şəraitdə burada saxlamağa çalışırsınız?! Beləmi? “
Digər Xankəndi sakini Qoarina Xondkaryan da separatçı-terrorçu erməni rəhbərliyinə etirazını rus dilində belə ifadə edib: “Əvvəlcədən suyun kəsiləcəyi barədə xəbərdarlıq etməyin bir yolu yoxdur, yoxsa?! Bir saat ərzində buxarlandı su?! Orda nə edirsiniz?! Su kanalı idarəsinə zəng edib düşə bilmirəm. Yəqin ki, zəngləri cavablandırmamaq üçün dəstəyi kənara qoyublar. Bəlkə xalqı ələ salmağınız kifayətdir?! Hər yerdə bir “bardak” var! "
Qarabağda yaşayan ermənilərin Azərbaycan Prezidentindən açıq kömək gözləməsi və bunu açıq formada ifadə etmələri hansı mətləblərdən xəbər verir?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 1987-ci ilin noyabrında Qobraçovun müşaviri Abel Aqambekyan Dağlıq Qarabağın Ermənistana birləşməsinin məqsədyönlülülüyü barədə bəyanat verdi: “1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətində hərəkat başlayanda onlar elə düşünürdülər ki, qısa müddətdə məqsədlərinə nail olacaqlar. Sonrakı dönəmdə Azərbaycan rəhbərliyinin buraxdığı səhvlər onları bir qədər həvəsləndirdi. Azərbaycan ərazisinin böyük hissəsi işğal edildi. Ermənilərdə belə bir ümid yarandı ki, Dağlıq Qarabağ adlı qurum müstəqil dövlət kimi tanına bilər. Uzun müddət erməniləri aldatdılar. 44 günlük müharibə onların bütün ümidlərini qırdı. Verilən vədlərin nə qədər yalan olduğu üzə çıxdı. Özləri rəsmən elan edirlər ki, 5 min erməni ölüb. Təbiidir ki, itkilər qat-qat çoxdur. Müharibəni uduzan Paşinyanın yenidən baş nazir olması erməni cəmiyyyətinin hansı vəziyyətdə olduğuna dəalət edir. Artıq həmin ümidlər qalmayıb. Qarabağda yaşayan ermənilər dərk edir ki, nəsə dəyişməyəcək. Onlar 30 ilə yaxın müddətdə qeyri-insani şəraitdə yaşadıqlarını dərk ediblər. Bəziləri Rusiya, Avropaya qaçıb canlarını qurtarır. Yerdə qalanları isə ümidlərini İlham Əliyevə bağlayır. Anlayırlar ki, sülh müqaviləsi imzalanmalıdır. Bunun da nəticəsində xalqlar arasında inam artmalıdır. Dünənə kimi bizə düşmən kimi baxan ermənilər anlayırlar ki, nicatları bizim əlimizdədir. Bir müddət sonra reallığı daha çox erməni dərk etməyə başlayacaq və biz belə müraciətləri çox görəcəyik. Bu, Azərbaycan üçün çox xoş bir haldır. Bu, aldadılmış ermənilərin bizə sığınması ilə nəticələnəcək”.
Məhəmmədəli QƏRİBLİ