Rusiya Dövlət Dumasından Azərbaycan Prezidentinin müharibə fəaliyyətinə qiymət...

Daşdəmir Əliyev: “Beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”

img

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev müsahibəsində bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın ədalətli mövqeyini beynəlxalq tribunalarda və KİV-lərə müsahibələrində müdafiə etməklə yanaşı Azərbaycanı gücləndirdi, onun iqtisadiyyatını inkişaf etdirdi və siyasi mövqelərini möhkəmləndirdi:

“Bütün dünya bunun şahidi oldu. Həmçinin, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Bütün bunların nəticəsi olaraq Azərbaycan torpaqları otuz illik işğaldan azad olundu və dinc həyata qovuşdu. Bu, bütün azərbaycanlılar üçün qürur mənbəyidir. İlham Əliyevin Qarabağ siyasəti tam bəhrəsini verdi, Azərbaycan Prezidentinin adı isə əbədi olaraq ölkə tarixinə düşəcək".

İlham Əliyevin fəaliyyətinə Rusiya dumasından verilən qiymətdə diqqət çəkən məqamlardan biri Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması ilə bağlı səslənən fikirlərdi. Azərbaycan ordusunun bu sıraya aid edilməsinə ekspertlərin münasibəti necədir?

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət bütün dünya tərəfindən diqqətlə öyrənilir və mənimsənilir: “Bu siyasətdə qazanılan uğurlar özünü çox aydın şəkildə büruzə verir. Bura, xüsusilə iqtisadi və hərbi sahədəki inkişafı aid edə bilərik. Dostlarımız bu uğurlara sevinir, düşmənlərimiz isə bunu əngəlləmək üçün planlar cızırlar. Proseslər dayanmadan irəli gedir. İlham Əliyevin güclü lider olması bu prosesi davamlı edib. Azərbaycan xəritəsinə diqqət yetirsək görərik ki, Azərbaycan çox çətin bir çoğrafiyada yerləşir. Müharibə zamanı biz dost və düşmənlərimizi daha yaxından tanıya bildik. Biz, eyni zamanda, ordumuzun gücünü dünyaya nümayiş etdirə bildik. Biz 2016-cı ildə ilk uğurumuzu qazandıq. Bundan sonrakı dönəmdə ordumuzun daha da güclənməsi istiqamətində ciddi addımlar atıldı. Bunun da nəticəsini biz qazandığımız zəfərdə gördük”.

Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun dünya miqyasında 50 ən güclü ordu sırasında olması həqiqətdir: “Beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Bakıda keçirilən möhtəşəm hərbi parad bizim hərbi qüdrətimizi həm xalqımıza, həm də dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər