Bu gün Ermənistanda neonasizmin hələ də çiçəklənməkdə olması heç kimə sirr deyil. Buna dünya miqyasında verilən reaksiyalara isə Ermənistan hələ də məhəl qoymur. Əksinə, burada neonasizmi qınayan ölkələrə dair sərt mövqe sərgilənir. Hər halda, İsraillə bağlı baş verənlər bunun təsdiqidir.
Xatırladaq ki, İsrail Ermənistanda faşizmin çiçəklənməsinə daim sərt reaksiya verib. Xüsusən də İrəvanda nasistlərin, faşistlərin əlaltısı olan antisemit Qaregin Njdeyə abidə ucaldılmasına sərt reaksiya göstərilib. Burada hesab edilir ki, erməni faşist və antisemit Njdeyə abidə ucaldılaraq onun xatirəsini əbədiləşdirmək Holokost qurbanlarının xatirəsinə təhqirdir. Amma İsrailin bu mövqeyi Ermənistanda qəbul edilmir. Elə bundan irəli gəlir ki, bu günlərdə İrəvanda “Yaşamaq və unutmamaq” Holokost memorialı növbəti dəfə ermənilər tərəfindən vandalizmə və təhqirə məruz qalıb. Erməni antisemitlər abidə üzərində ivrit dilində olan yazıları pozub. Nüfuzlu “Jewish Press” informasiya agentliyinə açıqlamasında israilli siyasi analitik Rahel Avraam bunun İsrail üçün qəbuledilməz hal olduğunu bildirir. Ümumdünya Yəhudi Konqresi antisemit vandalizmi pisləyərək bəyan edib: “İrəvanda Holokost memorialının mənfur antisemit qraffiti ilə təhqir edilməsini görmək dəhşətdir”. Ravvin Zamir İsayev də özünün “Twitter” səhifəsində bu sözləri yazıb: “Biabırçılıq! İrəvanda Holokost qurbanlarına qoyulan abidə növbəti dəfə təhqir edilib. Ermənilər Holokost memorialının təhqir edilməsinə İsrailin Azərbaycana silah satması faktı ilə necə bəraət qazandıra bilərlər? Bu, kiməsə abidəni təhqir etmək hüququ verirmi?”. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin rəhbəri Arye Qut isə bildirir ki, faşizm və neonasizm uzun müddət Ermənistanda dövlət ideologiyası olub. O əlavə edib ki, Holokost memorialının vandalizmə məruz qalması birinci dəfə deyil: “Antisemitizmin və neonasizmin populyarlaşdırılması Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Daha hiddətləndirici fakt odur ki, faşist ideologiyası “njdeizm” adı altında Ermənistanın təhsil müəssisələrinin proqramına daxil edilib və yeni nəsillər bu “dəyərlər” ruhunda tərbiyə edilir”.
Arye Qut onu da xatırladıb ki, beş il bundan əvvəl Ermənistanda nasistlərin əlaltısı Qaregin Njdenin şərəfinə abidə də ucaldılıb: “Suveren xalq, əlbəttə ki, öz milli qəhrəmanı kimi ürəyi istədiyi, arzuladığı hər kəsin xatirəsini əbədiləşdirmək hüququna malikdir. Lakin Holokost zamanı cinayətlər törədən nasistin bəzi xalqların hörmət və etimad bəslədiyi qəhrəmana çevrilməsini görəndə biz susmamalıyıq. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə 20 min erməni legioneri tərəfindən yəhudilərə qarşı törədilən qəddarlıq aktını heç vaxt unutmayacaq. Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi evlərə soxularaq yəhudiləri və eləcə də nasist orduya “yararsız” olan digər insanları məhv etmək idi”. Faşist erməni legionunun “fəaliyyəti” nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları tamamilə yəhudilərdən təmizlənib. İsraildə Azərbaycan Evinin icraçı direktoru deyib: “Buna görə də biz müasir Ermənistanın açıq-aydın faşist və antisemit “xadim”ləri milli qəhrəman dərəcəsinə çatdırmasına laqeyd və etinasız yanaşmamalıyıq. Erməni faşisti və antisemitinin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost xatirəsinə təhqirdir. Mənim babam nasistlər üzündən Ukraynada bütün ailə üzvlərini itirib. Onun sağ qalmasının yeganə səbəbi Sovet Ordusu sıralarında vəhşi nasistlərə qarşı döyüşə getməsi idi. Ailəsini müdafiə etmək lazım gələndə onların yanında deyildi. Erməni vandalizmi şəxsən məndə dözülməz ürək ağrıları əmələ gətirir”.
İsrailin Diaspor Nazirliyinin 2020-ci il üzrə yenicə dərc olunmuş illik hesabatında İkinci Qarabağ müharibəsindən sonra antisemitizmin təhlükəli dərəcədə artması qeyd edilib. Hesabatda deyilir: “Rəsmi hücumlar genişlənərək dini zəmində hücumlara çevrilib, iddia edirlər ki, yəhudi xalqı guya tarixən erməni xalqına qarşı cinayətlər törədib. Qarabağda müharibə ekstremist insidentlərə, antisemitizmin yeni ciddi təzahürlərinə və İsrail Dövləti üzərinə şiddətli hücumlara gətirib çıxarıb”. Arye Qut bu fonda vurğulayır: “Nasist hərbi canilərin, xüsusən də öz cinayətləri ilə öyünənlərin beynəlxalq birlik tərəfindən qəbul edilməsini təsəvvür etmək mümkün deyil. Məgər Xocalı hadisələrinin günahkarları beynəlxalq məhkəməyə cəlb edilməli və faşistlər kimi cəza çəkməli deyilmi? Azərbaycanda isə əksinə, dini dözümlülük, plüralizm və multikulturalizm rəsmi dövlət siyasətidir. İsrailin Diaspor Nazirliyinin antisemitizm barədə 2020-ci il üçün məruzəsində, pandemiyanın dünyanın hər yerində antisemitizmi gücləndirməsinə baxmayaraq, Azərbaycanda son il ərzində heç bir antisemit insidenti baş vermədiyi qeyd olunur. Əksinə, İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən sonra azərbaycanlılar İsrail bayraqlarını əllərində fəxrlə yelləyirdilər. Müasir Ermənistanın siyasəti saatlı bombaya bənzəyir: belə ideologiya ilə böyüyən gənclər faşizm və neonasizm şüarlarına müvafiq olaraq yaşamağa davam edəcəklər. Ermənistanın dövlət siyasəti İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə həlak olan milyonlarla insana ifrat dərəcədə hörmətsizlik nümayiş etdirir”.
Ekspertlər hesab edir ki, faşizmin Ermənistanda hələ də təbliğinə qarşı artıq beynəlxalq miqyasda sərt addımlar atılmalıdır. Çünki Ermənistanın istər keçmiş, istərsə də hazırkı hakimiyyətinin faşist ideologiyasını açıq şəkildə dəstəkləyərək təbliğ etməsi qlobal səviyyədə təhlükəyə çevrilir. Bu həm də onu göstərir ki, Ermənistanda hakimiyyətlər dəyişsə də, onların nasistləri qəhrəmanlaşdırmaq siyasəti məzmunca dəyişmir.
Samirə SƏFƏROVA