Məlum olduğu kimi ABŞ prezidenti Cozef Bayden xarici siyasət kursunu elan edərkən Rusiyaya qarşı sərt mövqe tutacağını bildirib. O, bu məqsədlə heç bir tərəddüd etmədən Rusiyaya qarşı maliyyə xərclərini artıracağını da bildirib.
Ekspertlərin fikrincə, Bayden Rusiya üçün xərcləri artıracağını deyərkən, həm də Moskvanın nüfuz dairəsində olan MDB məkanına meyl edəcəyini, buradakı münaqişələrə aktiv şəkildə müdaxilə edəcəyini nəzərdə tutur. Xüsusilə Ukrayna, Gürcüstan və Moldova istiqmətində ABŞ-ın öz aktivliyini artırması gözlənilir. Artıq ABŞ-ın istəyi ilə Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaqın yaradılması planlaşdırılır. Məlumatlara əsasən, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hər üç ölkə arasında bununla bağlı məsləhətləşmələrə başlanıldığını bildirib: “Üçtərəfli birlik ideyasına gəlincə, mən ABŞ-ın dövlət katibi Entoni Blinkenə dedim ki, ABŞ Qara dəniz və Mərkəzi Avropa bölgəsində Ukraynaya etibarlı tərəfdaş kimi arxalana bilər. Sizi inandırıram ki, Ukrayna, Gürcüstan və Moldova bu istiqamətdə fəal hərəkət edir”. Məsələyə münasibət bildirən gürcü hərbi ekspert Vaxtanq Maisayanın fikrincə, ittifaqın mahiyyəti qarşılıqlı hərbi yardım göstərməkdən ibarət ola bilər: “Lakin şübhə edirəm ki, Moldova hərbçilərini bu formata cəlb etmək mümkün olsun. Belə ki, ölkə Konstitusiyasında daimi neytrallıq barədə bənd var. Birliyin Gürcüstan və Ukrayna arasında yaradılması mümkünlüyü daha çoxdur”. Digər ekspertlər isə bildirir ki, yaranmış vəziyyətdə postsovet məkanında, xüsusən də Gürcüstan və Ukraynada ABŞ-Rusiya çəkişməsi dərinləşəcək. Bunu ABŞ-ın “The Hill” nəşri də xüsusi olaraq vurğulayır. Nəşr yazır ki, Cozef Bayden ilk böyük xarici siyasət müraciətində ittifaqların bərpasına və ABŞ-ın daha böyük diplomatik əlaqələrinə çağırış edib: “Bayden, həmçinin, Rusiyanın xarici təcavüzünə və daxili avtoritarizminə müqavimət göstərəcəyini bildirib. Prezidentin yeni yanaşma sərgiləməsi üçün əlverişli məkan strateji Qara dəniz bölgəsinin məhək daşı olan Gürcüstan ola bilər. Gürcüstan Rusiya prezidenti Vladimir Putinin qonşu dövlətlərin milli müstəqilliyinə və demokratik inkişafına hücumunun ilk qurbanıdır və Moskvanın ABŞ müttəfiqinə təcavüzü bu gün də davam edir.
Gürcüstan dövlətçiliyi və demokratiyası Putinin avtokratik idarəçiliyi və qonşu dövlətlərin suverenliyini məhdudlaşdırmaq cəhdləri üçün alternativ regional bir model təqdim edir. 2008-ci ilin avqust ayında Gürcüstan ərazilərinin 20%-ini hərbi həmlə ilə ələ keçirəndən bəri Kreml Tiflisdə sabitliyi pozmaq üçün dezinformasiya və korrupsiyadan, kiberhücumlardan tutmuş silahlı təhdidlərə qədər ən müxtəlif təxribatçı alətlərdən faydalanıb. Gürcü demokratiyası 2020-ci ilin oktyabrında keçirilən ümumi seçkilər zamanı güclənib. Ölkənin parlament demokratiyasına çevrilməsinə Vaşinqton və Brüssel kömək edib. Hər ikisi seçiciləri daha yaxşı təmsil edən tam proporsional seçki sisteminə mərhələli keçid haqqında çoxpartiyalı razılaşmanı asanlaşdırmağa töhfə verib. Demokratik irəliləyişin başqa bir əlaməti olaraq, keçmiş baş nazir və hakim “Gürcü Arzusu” Partiyasının qurucusu Bidzina İvanişvili siyasətdən kənarlaşdığını açıqlayıb. Milyarder, keçmiş partiya lideri sərvətinin böyük hissəsini (5 milyard dollara yaxın) xeyriyyəçi fondlara köçürəcəyini və xeyriyyə işlərinə köklənəcəyini vəd edib. İvanişvilinin siyasətdə olduğu dövrdə Gürcüstan Avropa İttifaqı (Aİ) ilə assosiasiya müqaviləsi imzalayaraq, NATO-ya daxil olmağa üstünlük verib, ABŞ-la təhlükəsizlik əməkdaşlığını dərinləşdirərək Qərb qurumlarına yaxınlaşıb, həmçinin, demokratik islahatlara başlayıb. Milli Demokratiya İnstitutunun (NDI) 2020-ci il dekabr ayında keçirdiyi bir sorğu Gürcüstan vətəndaşlarının 80%-inin Aİ və 74%-nin NATO-ya üzvlüyü dəstəklədiyini göstərir. NATO-ya dəstək son 10 ildə 12% artıb. Aİ və NATO-ya inteqrasiya Gürcüstan konstitusiyasında rəhbər hədəf kimi təsbit edilib və hökumət 2024-cü ilə qədər Aİ üzvlüyü üçün müraciət etməyi qarşıya məqsəd qoyub. Qərbə inteqrasiya istəkləri Moskvanın aramsız təhdidlərindən qaynaqlanır. Gürcüstan üzərində nəzarət Rusiyanın Cənubi Qafqaz və Qara dəniz bölgələrində regional dominantlığına, Avropa ilə Asiya arasındakı həyati enerji və ticarət əlaqələrini təhdid etməsinə, Amerika və Avropa təsirlərini ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək.
Gürcüstanın ABŞ-la 2009-cu ildə qurduğu strateji tərəfdaşlığı Rusiyanın təcavüzkar ambisiyalarını məhdudlaşdırır. ABŞ-ın Gürcüstana dair siyasətindəki davamlılığı Tramp administrasiyası ölkənin hərbi müdafiəsini, xüsusən də “Javelin” raket sistemləri tədarükü vasitəsilə gücləndirəndə nümayiş etdirib. Dövlət katibi Entoni Blinken Senatın təsdiqləmə iclasında NATO-ya üzv olma qapısının Gürcüstan üçün açıq qaldığını iddia edib. Gürcüstanın indi sahil xəttini qorumaq üçün təsirli dəniz qüvvəsi yaratmağa, ABŞ hərbi mövcudluğu sayının artması və NATO-ya daxil olmaq üçün daha dəqiq bir yol xəritəsinə ehtiyacı var. Moskva Cənubi Qafqazdakı hərbi iştirakını bunlar fonunda yenidən artırır. Rusiya onsuz da Ermənistanda 2 hərbi bazaya sahibdir və işğal altında olan Gürcüstan ərazilərini hərbiləşdirməyə davam edir. Gürcüstanın strateji təcridi Rusiyanın Qara dənizdən Balkanlara, Şərqi Aralıq dənizinə və Yaxın Şərqə hərbi güc proqnozlaşdırılması üçün başlanğıc meydanı kimi istifadə etmək istəklərini artıracaq. Moskvanın Qara dənizdəki geniş hərbi quruculuğu da əsas dəniz yollarına, dəniz iqtisadi zonalarına və Avropaya enerji tranzitinə nəzarət etmək məqsədi daşıyır. Vaşinqtonun qətiyyətlə dəstəklədiyi Gürcüstanın NATO-ya gedən yolu Rusiyanın daha da şöhrətlənməsinə mane olacaq, Ermənistana özünü Moskvanın boğucu məngənəsindən qurtara biləcəklərinə dair bir siqnal göndərəcək”.
Nahid SALAYEV