“Qoşulmama Hərəkatının üzvlərinin dəstəyilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi”. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, biz beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı olmuşuq: “Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək, daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük”.
Göründüyü kimi, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə bağlı xüsusi sessiya keçirməsi bəzi dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bütün bunlara baxmayaraq, bunu istəməyənlər Azərbaycanın təşəbbüsünə mane ola bilməyiblər.
“Görünən odur ki, bəzi dövlətlər hələ də ölkəmizin böyük işlərə imza atmasını qısqanclıqla qarşılayırlar”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycanın məlum təşəbbüsü ilə BMT-nin toplanması təkcə Qoşulmama Hərəkatı faktoru ilə bağlı deyil: “Düzdür, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə belə bir təşəbbüslə çıxış etməsi buna öz təsirini göstərib. Ancaq digər amillərin də bu məsələdə rolu var və bir sıra dövlətlər bunu nəzərə almaya bilməzdilər. Məsələ ondadır ki, Prezident İlham Əliyevin dünya siyasi arenasında olan nüfuzu, Azərbaycanın regional ölkə olaraq get-gedə artan rolu belə bir vacib tədbirin keçirilməsinə razılıq verilməsinə öz təsirini göstərib. Əlbəttə ki, Azərbaycan kimi kiçik ölkənin bu cür tədbirin keçirilməsinə nail olması böyük hadisədir. Bunu bir sıra dövlətlərin həzm edə bilməməsi gözlənilən idi. Məsələ ondadır ki, Azərbaycan ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2 illiyə (2012-2013) qeyri-daimi üzvü seçilib. O zaman da müəyyən ölkələr gizli formada Azərbaycana mane olmağa cəhd etdilər, amma niyyətləri baş tutmadı. Görünən odur ki, bəzi ölkələr hələ də Azərbaycanın böyük işlərə imza atmasını qısqanclıqla qarşılayırlar”.
Şərqşünas onu da qeyd etdi ki, Azərbaycan qalib ölkə olduğu üçün bundan sonra heç bir qüvvə bizə mane ola bilməz.
Vidadi ORDAHALLI